“Vaksinasiyadan keçənlər toy etsinlər” təklifi

Operativ Qərargaha toylarla bağlı yenidən çağırış edilib. “Toyların keçirilməsi ilə bağlı normativlər hazırlanmalı və elan edilməlidir ki, hansı şərtlər daxilində bu mərasimləri keçirmək olar”. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev belə deyib.

Deputat bildirib ki, pandemiyanın bundan sonra daha nə qədər davam edəcəyi ilə bağlı heç bir dəqiq fikir yoxdur, ona görə də cəmiyyət yeni qaydalarla yaşamağa alışmalıdır: “Amma insanların müəyyən arzuları var, yaşları ötür, planları dəyişir. Ona görə hesab edirəm ki, Operativ Qərargah müəyyən normativlər hazırlamalıdır. Tez-tez görürük ki, toy keçirməyə cəhdlər olur və polis də qanunauyğun olaraq onun qarşısını alır. Bu da müəyyən bir sosial siqnaldır ki, Operativ Qərargah müvafiq qərarlar qəbul etsin”.

Komitə sədri bildirib ki, toyların keçirilməsi üçün epidemioloji vəziyyət yaxşılaşmalıdır, vaksinasiya olunan insanların sayı artmalıdır: “Əlbəttə ki, insanların da bu məsələdə böyük məsuliyyəti var. Ölkəyə kifayət qədər vaksin gətirilib, əhali vaksinasiya prosesində aktiv iştirak etmir. Bir tərəfdən toyların keçirilməsini istəyirlər, amma vaksinasiyaya getmirlər. Toyların keçirilməsinə icazə verilməsi üçün yoluxmalar azalmalıdır, vaksinasiya olunanların sayı çoxalmalıdır. Hesab edirəm ki, insanlar nə qədər vaksinasiyada aktiv iştirak etsələr, bir o qədər toyların keçirilməsinə icazə verilməsini tezləşdirə bilərlər”.

Xatırladaq ki, ötən ilin mart ayından etibarən ölkədə toy və yas mərasimlərinin keçirilməsi qadağan olunub. Artıq bir neçə aydır ki, ölkədə restoran və kafelərin fəaliyyətinə icazə verilib. Toyların da müəyyən şərtlər daxilində keçirilməsinə icazə verilməsi ilə bağlı çoxlu sayda müzakirələr getsə də görünəni budur ki, Operativ Qərargah hələlik bu haqda qərar qəbul etməyə tələsmir.

Ekspertlər də qeyd edir ki, toyların keçirilməməsi təkcə iqtisadiyyatda deyil, insanların şəxsi həyatlarında, psixologiyasında sıxıntılar yaradıb. Ən əsası isə müharibədən çıxmış bir xalqın uzun müddət toylardan uzaq olması gələcəkdə demoqrafik problemlərlə üz-üzə qoyacaq. Bəs ekspertlər çıxış yolunu nədə görür?

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər Həmidov da  onu agent adlandırdı" - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Vaksinasiya prosesi başa çatmadan da toy etmək mümkündür”

İxtisasca həkim olan ADP sədri Sərdar Cəlaloğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, hər kəs vaksin olunmadan da müəyyən şərtlər daxilində toy və yas mərasimlərinin keçirilməsi mümkündür: “Toyların və yasların keçirilməsinə icazə verilməsi ilə bağlı onu deyə bilərəm ki, Operativ Qərargah elə bir şərtlər təklif edə bilər ki, hamı vaksin olunmasa belə bir yerə toplaşıb, məclisləri keçirmək mümkün olsun. Ümumiyyətlə, Operativ Qərargahın qərarlarını tam başa düşə bilmirəm. Məsələn, bu günə qədər  idman kompleksləri, hamamlar hələ də bağlıdır. Bu necə olar bilər axı? Sağlamlıq və təmizlik bəxş edən məkanlar niyə bağlı qalmalıdır? Əgər deyiriksə ki, insanların immuniteti gücləndirilməlidir, bunun üçün biz idman komplekslərinin fəaliyyətini genişləndirməliyik. Amma Operativ Qərargah bu məsələni ən axıra saxlamağı düşünür. Və yaxud hamamda koronavirusa yoluxma ehtimalı çox azdır. Hesab edirəm ki, Qərargahın əməkdaşları tibbə yaxın olmadıqları üçün bu cür qərarlar verirlər və o qərarları tibbi nöqteyi-nəzərdən şərh etmək çətindir.  Bir xalqı məhv etmək üçün onun adət-ənənəsini məhv etmək yetərlidir. Uzun müddətdir ki, adətimiz olan toyların keçirilməməsi bizi məhvə doğru aparır. Əgər həqiqətən Operativ Qərargahın əməkdaşları milli təfəkkürə malikdirlərsə, Azərbaycan xalqının adət-ənənələrinin yaşamasına şərait yaradacaqlar”.

Zülfüqar Yusifov » Sehiyye.info

Zülfüqar Yusifov: “İzlədiyimiz situasiyalar onu deməyə əsas verir ki, tək vaksinasiya ilə iş bitmir”

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov da bildirdi ki, əhalinin tam vaksin olunması problemin bitmiş olduğu anlamına gəlmir: “Son günlər şahidi oluruq ki, ölkədə gündəlik yoluxanların sayında stabillik mövcuddur. Virus tamamilə həyatımızdan çıxdıqdan sonra rahat şəkildə bütün işləri görmək mümkündür. Əlbəttə ki, burada əsas məsələlərdən biri, bəlkə də birincisi vaksinin üzərinə düşür. Lakin izlədiyimiz situasiyalar onu deməyə əsas verir ki, tək vaksinasiya ilə iş bitmir. Müəyyən qoruma üsullarına əməl etməkdə davam etməliyik.

Hesab edirəm ki, sadəcə, toyların formatını dəyişməyə çalışmaq lazımdır. Əlbəttə ki, toyların olmaması ailələrdə müəyyən problemlər, şəxsi həyatda psixoloji sıxıntılar yaradır və sairə. Bu problemi aradan qaldırmaq üçün bir daha qeyd edirəm ki, formatı dəyişdirilmiş toylara icazə verilə bilər. Məsələn, az heyətli, qısa müddətli məclislər keçirmək olar. Vacib deyil ki, toy 500-1000 nəfərlə qeyd olunsun. Restoran və şadlıq saraylarımızın şəraiti imkan verir ki, 50-100 nəfərlə, məsafəni qorumaqla məclislər keçirmək mümkün olsun".

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: “Mən demokrat deyiləm, çünki onun  mahiyyətini bilirəm” - VİDEO, FOTOLAR

Əhməd Qəşəmoğlu: “Açıq havada məsafəli şəkildə toy təşkil etmək təhlükəli deyil”

Sosioloq Əhməd Qəşəmoğlu isə bildirdi ki, bundan əvvəl də dəfələrlə dəyişdirilmiş formatda toyların keçirilməsi ilə bağlı təkliflərlə çıxış edib: “Şərti bu cür qoymaq düzgün olmaz ki, hamı vaksin olunsun və bundan sonra toyların keçirilməsinə icazə verilsin. Hər kəs bilir ki, müəyyən adamlar var, onların sağlamlıqları vaksin olunmağa imkan vermir. Ona görə də belə bir şərti qəbul etmək mümkün deyil. Dəfələrlə mətbuata açıqlamalarımda açıq havada məsafə gözləməklə toyların keçirilməsinin mümkünlüyü barədə danışmışam. Lakin bu təklifimi yaxın buraxan olmadı. Aydın məsələdir ki, açıq havada koronavirusun ötürülməsi ehtimalı çox aşağıdır. Təklif etmişdim ki, açıq havada rəqs meydançası yaradılsın və qısamüddətli toy mərasimi həyata keçirilsin.  Lakin bəziləri elə düşünür ki, toy keçirmək şadlıq saraylarında möhtəşəm ziyafət təşkil etmək deməkdir. Bu ziyafətləri artıq yığışdırmaq lazımdır. Əvvəllər belə adətimiz olmayıb. Yəni heç kəs restoranlarda, şadlıq saraylarında toy mafiyasına pul qazandırmırdı. Kənd yerlərində, bağçada musiqili məclislər təşkil olunurdu. Gərək mütləq toyda yemək yeyəsən? Bunu anlaya bilmirəm.

Bir daha qeyd edirəm, açıq havada məsafəli şəkildə toy təşkil etmək təhlükəli deyil. Bu da bütün şərtlərin hamısını ödəyir, sadəcə, toy mafiyasının qazanmasına məhdudiyyət yaradır, vəssalam".