Rəsul Mirhəşimli: “Bunda valideynlərin iştirakını qadağan etmək olmaz” - ETİRAZ

Milli Məclisin dünənki iclasında "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir. Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir. Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.

İlkxeber.org xəbər verir ki, araşdırmaçı  Rəsul Mirhəşimli qanuna edilən dəyişikliklərlə bağlı kəskin iradını bildirib.

R.Mirhəşimli hesab edir ki, dəyişikliklərdə nəzərdə tutulan məsələ qanunu təkmilləşdirməkdən daha çox islamafob yanaşmanı ortaya qoyur: “Çox qəribədir, dini etiqad azadlığı adlanan qanun nədən yalnız azadlıqların məhdudlaşdırılması ilə nəticələnməlidir?

Bu dəyişiklik cəmiyyətdə ailə institutunun dağıdılması istiqamətində mənfi tendensiyalar yaradacaq. Valideyn üzünə ağ olmağın hüquqi bazasını yaratmaq cəmiyyətin inkişafında müsbət rol oynaya bilməz”.

Onun  fikrincə, övladların tərbiyəsində valideyinin iştirakını məhdudlaşdırmaqla sağlam cəmiyyət qurmaq mümkün deyil. Uşaqların təhsil seçimində valideynin rolu inkar edilmirsə, dini etiqad azadlığının formalaşmasında da valideynlərin iştirakını qadağan etmək olmaz.