Sumqayıtda şəhidimizin xatirə lövhəsinin açılışı oldu – FOTO

Mayın 1-də  Vətən Müharibəsi zamanı şəhid olmuş Həsənzadə Məhəmmədəli Hörmət oğlunun doğum günü idi. Yaşasaydı 22 yaşı tamam olacaqdı. 

İlkxeber.org  xəbər verir ki, bununla əlaqədar Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə əvvəlcə şəhidin ailəsi ilə görüş keçirilib. Daha sonra şəhidin xatirəsinə həsr olunmuş şəkil barelyefinin açılışı olub. 

Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub və gül dəstələri qoyulub. Ziyarət zamanı YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrilə iş üzrə şöbənin müdiri Emin Əliyev, Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Hüseynov, şəhidin döyüş yoldaşları, Sumqayıt şəhərinin axundu Hacı Rauf, Şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. 

Əvvəlcə Sumqayıt şəhər Cümə məscidinin axundu Hacı Rauf Sərdarov şəhidimizin ruhuna dualar oxuyub.

YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev qeyd edib ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordunun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması imkan verdi ki, torpaqlarımızı düşmənlərdən azad edək: 

"Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası Cənab Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkündür. Ölkəmizdəki Xalq-İqtidar-Ordu birliyi, sözün əsl mənasında, "dəmir yumruğa” çevrildi və işğalçının belini qırdı. Cənab Prezident İlham Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa etdi. Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu".

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, Qubadlı  rayonunun  Qilican  kənd  sakini, şəhid  Həsənzadə Məhəmmədəli Hörmət oglu 1 may 1999-cu ildə Sumqayıt şəhərində anadan olub.   
2016-cı ildə Qubadlı rayon Yuxarı Mollu kənd tam orta məktəbini bitirərək, Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin Biznesin idarə edilməsi fakultəsinə daxil olub.

2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 

2020-ci il 27 sentyabr - Vətən Müharibəsi başlayan gündən Həsənzadə Məhəmmədəli Hörmət oğlu əvvəlcə Füzuli rayonu, daha sonra Xocavənd rayonunun azad olunması uğrunda döyüşüb.

2020-ci ilin noyabrın 6-da Xocavənd rayonu ərazisində gedən ağır döyüşdə Həsənzadə Məhəmmədəli Hörmət oğlu torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşərək, şəhidlik zirvəsinə ucalıb. O, Sumqayıt şəhərində yerləşən “Şəhidlər xiyabanı"nda dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Həsənzadə Məhəmmədəli Hörmət oğlu ölümündən sonra “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Subay idi. 

Allah rəhmət eləsin!