“Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda videokonfrans keçirilib

Aprelin 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran  Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran rayonu İstisu, Çay fabriki qəsəbə, Boladi kənd 2 saylı və Siyavar kənd tam orta məktəblərinin direktorları, direktor müavinləri, psixoloqlar, uşaq birliyi təşkilatının rəhbərləri, kitabxana müdirləri və “Həyat bilgisi” fənnini tədris edən müəllimlər iştirak edib.

Çıxışlar zamanı ölkəmizdə uşaqların hərtərəfli inkişafı və  keyfiyyətli təhsil almaları üçün şəraitin yaradıldığı vurğulanıb. Onların milli-mənəvi dəyərlər və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti qeyd edilib. Natiqlər, məktəblilərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyini qeyd edərək bu istiqamətində dövlətin həyata keçirdiyi  tədbirlərdən danışıblar.