“Heydər Əliyev və mənəvi dəyərlərimiz”

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanda hər bir sahədə olduğu kimi dini sahədə də bir çox yeniliklər, dəyişikliklər etmişdir. Ulu Öndərin Respublikaya rəhbərlik etməsindən sonra vicdan azadlığı bərpa olundu, əhalinin dindar təbəqəsinin rahat və azad şəkildə ibadət etməsinə şərait yaradıldı. Sovet hakimiyyəti dövründə ölkədə məscidlərin sayı cəmi 17 idi. Azərbaycan müstəqillik qazandıqdan, xüsusilə, Ulu Öndərin respublikaya rəhbərlik etməsindən sonra bu gün ölkədə məscidlərin sayı təxminən 2500-ə yaxındır. Bunlarla yanaşı, yeni tikilmiş məscidlər, o cümlədən Heydər Əliyev məscidinin istifadəyə verilməsi, köhnə məscidlərin müasir şəkildə bərpası, yenidən qurulması işləri həyata keçirilməkdədir.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib və dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilib. Onu da qeyd edək ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının tanınan və nüfuzlu şəxsiyyətlərindən biri olub. O, Azərbaycanla şərq və qərb ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə əvəzsiz töhfələr bəxş edib. Məhz bunun nəticəsidir ki, Azərbaycanda dinindən və milliyyətindən asılı olmayaraq hər kəs mehriban yaşayır. Heydər Əliyev öz uzaqgörən müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etirmişdir. Vurğulayaq ki, Azərbaycanda tolerantlıq kimi multikulturalizm düşüncəsi hər zaman önəmli rol oynayıb və bu gün də eyni vəziyyətdədir. Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən-nəsilə ötürmüşdür. Müstəqilliyimiz əldə olunduqdan sonra ölkəmizdəki dini dözümlülük, bütövlükdə tolerantlıq mühiti və mədəniyyəti Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq daha da möhkəmlənib və bu sahədə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib.

Bu gün Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının uğurlu siyasəti sayəsində xalqımızın əsrlərin sınağından çıxan milli adət-ənənələrinin yaşadılması üçün bütün lazımi şərait yaradılıb. Prezident İlham Əliyevin gördüyü işlərin nəticəsidir ki, ölkədəki dövlət-din münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənib, müxtəliflik harmoniyası qorunub saxlanılıb və daha da möhkəmləndirilib.

Prezident İlham Əliyevin İslam dünyasının müqəddəs şəhəri olan Məkkədə ümrə ziyarətində olması da diqqətçəkən hadisələrdən biridir. Dövlət başçısı və ailəsi Kəbənin ətrafına dolanıb təvaf etdikdən sonra əl-Həram məscidində namaz qılıblar. Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil olaraq burada da namaz qılıblar. Hər kəsin bildiyi kimi, Kəbə evinin qapıları müstəsna hallarda ali qonaqlar üçün açılır. Məhz Kəbə qapılarının dövlət başçısının və ailəsinin üzünə açılması Prezident İlham Əliyevin şəxsiyyətinə və fəaliyyətinə İslam dünyasında verilən önəmin ifadəsidir. Məhz Kəbədə qılınan namazlarda ümumi xalqın dua edilməsinin nəticəsi idi ki, bu gün torpaqlarımız yağı düşməndən azad olunub və Azərbaycan öz əzəli torpaqlarına qovuşmuşdur.

Hələ 2016-cı ildə böyük zəfərin müqəddiməsi olan aprel savaşında qazanılan qələbədən sonra torpaqlarımızın bir hissəsi ermənilərdən azad edilmiş və Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilmişdir. 2020-ci ildə müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun qazandığı qələbə nəticəsində Azərbaycan tarixi torpaqlarına, o cümlədən dini-tarixi abidələrinə qovuşmuşdur.

Bu gün Prezident İlham Əliyev ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna xidmətlər göstərir. Dövlətimizin başçısı İslam dininin xalqımızın həyatındakı rolunu, onun milli kimliyimizin formalaşmasındakı əhəmiyyətini nəzərə alaraq ölkədəki dini ibadətgahların qorunmasında, onların gələcək nəsillərə çatdırılmasında əsl fədakarlıq nümayiş etdirir. Xalqımız Ulu Öndər Heydər Əliyevin davamçısı olan uzaqgörən siyasətçi Prezident İlham Əliyevə göstərdiyi qayğıya görə təşəkkürünü bildirir!

Qeyd: Məqalə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icmaların üzvləri arasında “Heydər Əliyev irsi: Azərbaycanda Dövlət-Din münasibətləri” mövzusunda elan etdiyi məqalə müsabiqəsinə təqdim olunmaq üçün hazırlanıb.

Şiriyev Rafiq Mehman oğlu,

Lənkəran rayonu Tütəpeştə kənd məscidində Dini ayinlərin icraçısı.