Aygün Attarı həmyerliləri sürprizlərlə qarşıladı – FOTOLAR

Bu gün Qubadlı Rayon İcra Hakimiyyətində Türkiyə Prezident Adminstrasiyası Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü, əslən Qubadlı rayonundan olan professor Aygün Attarla görüş keçirilib.

İlkxeber.org xəbər verir ki, görüş  Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqovun təşəbbüsü ilə baş tutub. 

Aygün Attar Qubadlının işğaldan azad olunmasından sonra həmyerliləri ilə görüşdən məmnun olduğunu bildirib. 

Bu gün doğum gününü qeyd edən Aygün Attar görüş zamanı bir neçə sürprizlə qarşılaşıb. Belə ki, icra başçısı Malik İsaqov Aygün Attara oxuduğu Qara İlyasov adına orta məktəbdən məzun olduğu vinetkanı təqdim edib. Bundan əlavə, icra başçısı Aygün Attarın orta məktəb illərini əks etdirən kollektiv fotolarını hədiyyə edib.

Aygün Attar Qubadlı rayon Tarix muzeyində olub.  O, Qubadlı rayonunun tarixi, mədəniyyəti, rayondan olan şəhidlərin, elm adamlarının həyatlarını əks etdirən nadir eksponatlarla tanış olub. 

Bundan sonra görüş Aygün Attarın oxuduğu və sonradan müəllimi olduğu Q.İlyasov adına Qubadlı şəhər 1 saylı orta məktəbdə davam edib. Məktəbdə Aygün Attarın qarşılaşdığı növbəti sürpriz sinif yoldaşlarının onun görüşünə gəlməsi olub. Orta məktəbin kollektivi və sinif otaqları ilə tanış olan Aygün Attar dünyasını dəyişmiş müəllimlərini rəhmətlə yad edib, həyatda olanlara cansağlığı arzulayıb.

Aygün Attar Xocavəndin azad olunması zamanı şücaət göstərmiş və qəhrəmanlıqla şəhid olan Vüsal Allahverdiyevin ailə üzvləri ilə görüşüb.

Bundan sonra görüş Qubadlı rayon Mədəniyyət Evində davam edib və rayon xəstəxanası ilə tanışlıqla başa çatıb. 

Aygün Attar növbəti səfərində həmyerliləri ilə görüşünün doğma yurd yerlərində olmasını azrulayıb.