Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

             Qloballaşan  dünyada  hər  bir  xalqın   qloballaşmaya  verdiyi  töhfə  və  aldığı  dəyər   həmin  xalqın  inkişaf   tendensiyasına  uyğun olaraq  özünün    elm,  təhsil  və  milli-mənəvi  dəyərlər  göstəriciləri  ilə  ölçülür. İnkişaf  etmiş  cəmiyyətlərdə  elm, təhsil  və  din  dövlət  siyasətinin  mühüm  və  ayrılmaz  tərkib hissəsidir. Yəni  dünyəvi  baxışlarda dini  dünyagörüş  olduğu  kimi,  dini  düşüncələrdə  də   elmi  dünyagörüş  çox  vacibdir.  Çünki  dünyəviliyin  rüşeymləri  ilk  dəfə  bəsit,  kortəbii  dini  düşüncələrin  daxilində   yaranaraq  inkişaf etmişdir. Belə ki,  nitq  qabiliyyəti olmayan  ilk  ibtidai  insanların  meydana  gəldiyi  zamandan  qeyri-adi  qüvvələr,  gözəgörünməz  varlıqlar  həmişə  onlar  üçün  real  həyat  görüntülərindən  daha  maraqlı ,  eyni zamanda  qorxulu olmuşdur.  Lakin   qorxu və maraq,  reallıqla  gözəgörünməzlik   sərhədində  formalaşan  qəbilələr  tayfa  kimi,  tayfalar isə  xalq  kimi  formalaşaraq,   bəşərriyətə  öz  milli-mənəvi  dəyərlərini  əks  etmişdilər. Ən  güclü  tayfaların  totem  inanclarından doğan simvollar ilahiləşdirilmiş  və sonucda    kütlənin  inancına  çevrilmişdir. İlahi  inanclardan  formalaşmış  mədəni  dəyərlər isə qısa  zaman içində  din  formasında  sərhədlər  keçərək   zor   və ya  xoşluqla  yayılmağa  başlamışdır. Yeni  din qəbul edən  xalq   öz  keçmiş  inanclarının  üstündən  tamlıqla  xətt  çəkməmişdir. Əski inancları  mümkün  qədər  yeni  inanclarla  uyğunlaşdırmağa, kəsişdirməyə  çalışsalarda,  uyğunsuzluqlar da  olmuşdur. Tarixən  mövcud  olmuş  dövlət   və  imperiyaların  ideologiyasında din  faktoru  önəmli  yer  tutduğundan,   həmin  qüdrətli  dövlətlərin inkişafında  və  zəifləməsində   din  amilinin    xüsusi  yeri olmuşdur.

    Müxtəlif  dinli  eyni  xalqların  və  eyni dinli  müxtəlif  xalqların  bir  ərazidə,  eyni  dövlət  tərkibində   yaşaması üçün   yüksək  tolerantlıq,   dini  və  milli  dözümlülük   şəraiti  mütləqdir. Milli  və  dini tolerantlığın mövcud olmadığı cəmiyyətlərdə daim  ekstremizmlər və  seperatçılıqlar  baş  qaldırır.   Ekstremizmin  milli  formasından daha  qorxulusu və  təhlükəlisi dini ekstremizmdir. Çünki  milli  ekstremizm  görünən  sərhədlər  daxilində  olduğu  halda,  dini  ekstremizm  keçici  təsirlərə  yuvarlana  bildiyindən  sonsuza  qədər  gedə bilər. Cəmiyyətdə  belə  meyillərin  yaranmaması üçün  dövlət  dini,  milli  və  irqi  müstəvidə   özünün  tolerantlıq  qarantını  nümayış  etdirməlidir. Tolerantlığın  yüksək  səviyyədə  qorunması  və  inkişaf   etdirilməsi  üçün   eyni  dövlətdə  yaşayan   xalqların  və   onların  ibadət  etdikləri   dinlərin,  məzhəblərin  kəsişən,  üzləşən  adət-ənənələri  önə  çəkərək,  bu  əlaqələr  dözümlülük  prinsipləri  əsasında  bir-birinə  inteqrasiya  etməlidir. Dövlətin  sosial  bazası  olan xalq,  həm də  hakimiyyətin sağlam  seçici  elektratı  olduğundan milli və dini  kontekstdə tolerantlıq  mövcud  olmasa  nəticədə  narazı  təbəqə  kortəbii formada ölkədən kənar qüvvələrin  təsirinə  düşərək  açıq  və ya  gizli  formada öz  ölkəsinə qarşı təşkilatlanacaq. 

     Bucür bəlalı  vəziyyətdən  xalqı   dəmir  iradəli,  güclü siyasətə  və yüksək vətən sevgisinə  malik milli və siyasi  lider qurtara  bilər.  Çox  təəssüflər  olsun ki,   belə  bir  olaylar  1993-cü ildə  Azərbaycan Respublikasında  yaşanmışdır. Məhz  xalqı  bu  bəladan Azərbaycan  xalqının  böyük  oğlu, dünya şöhrətli  siyasətçi  Ulu Öndər Heydər Əliyev  xilas  etmişdir.

                       Müstəqillik illərində milli-dini dəyərlər

             18  oktyabr  1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyi  haqqında  Konstitusiya  aktı  qəbul edilərkən Azərbaycan xalqı dövrün  ən  çətin  və  təhlükəli  dönəmini  yaşayırdı. 1960-70-ci  illərdə  yetişmiş, özləri  də  bilmədən   dövrün  siyasi  repressiyalarından   Heydər  Əliyev  qüdrəti ilə  himayə edilmiş,   həbs  düşərgələrində  belə  qorunmuş  insanlar  xalq  hərəkatının    önünə  keçdilər.  Xalqın   70  illik  istiladan  doğan   aqressiv  coşqusunu  xalq  hərakatına   rəhbərlik edən  liderlər  nizamlaya  bilmədi.   Dissidentçilik   düşüncələrinin  təsiri altında,  milli  ideologiyanı  yad  təsirlərdən  qoruya  bilməyən  hərakatçılar  qızışmış  kütləni  idarə etməkdə  aciz  idilər.

    Ölkədə  sənayenin  və  ümumi  iqtisadiyyatın  zəifləməsi  ilə  sosial  ziddiyyətlər  gücləndiyindən,  dini müstəvidə  kifayət  qədər  boşluqlar  yaranmışdır. İmperiya  əsarətindən  çıxmış  xalqın  dini  dünyagörüş  səviyyəsi  yetərincə  olmadığından  milli-mənəvi,  milli  dini  dəyərlər  fonunda  qeyri-ənənəvi din və təriqətləri təbliğ  edən missioner təşkilatlar çox  asan  formada  fəaliyyətlərini  şaxələndirmişdilər. Xüsusən  yeniyetmə  və  gəncləri  asanlıqla  ağuşuna  ala  biləcək  neqativ  dini  ideologiyalar  daha   güclü  təsirə malik  idi. Belə ki,  müharibənin  gətirdiyi  fəlakətlər  nəticəsində  valideyn nəzarətindən  kənarda qalan 16-20 yaşlı  gənclər  əsasən  prinsipləri  zorakılıq və qəddarlıq olan  belə  ideologiyaların  qurbanına  çevrilirdilər. Böyük  problemlər  məngənəsində  sıxılan  siyasi  hakimiyyət  milli-mənəvi  dəyərləri yad  təsirlərdən  qoruya  bilmirdi. Ölkədə   milli  və  dini  dözümsüzlüyün,  tolerantlığın  inkişaf etmədiyi  milli  təhlükəsizlik   problemlərinin   fonunda  daha qabarıq  görsənirdi. Hakimiyyət  boşluğundan  istifadə  edən separatçı  qruplaşma  aqressivcəsinə  dövlət  əleyhinə  fəaliyyət   göstərirdilər. Terror  və  cəmiyyətin  sabiyliyini  pozan  digər  təhlükələr  milli  və  dini  qarşıdurma  elementlərini  daha  da  dərinləşdirmişdi.

    Xalqın  israrlı  tələbi  ilə  1993-cü  ildə  ikinci  dəfə  siyasi  hakimiyyətə  qayıdan  Heydər Əliyev  xalqı  düşdüyü  bəladan  qurtarmaq üçün  iki prioritet  istiqamət  müəyyən etdi: nədən başlamaq  və  necə  başlamaq?  Bu  istiqamətlərin   konturları  bəlli olsa  da siyasi,  milli-dini  baxımdan  qarşı-qarşıya  dayanmış xalqın  aqressivliyi  və  əlinə  silah  keçmiş  hərbixuntaların  təhlükəli davranışı  proseslərin   həllini  çətinləşdirmişdi. 1992-1993-cü  illər  siyasi  hakimiyyətində  mövcud  olan  gərgin daxili   və xarici  vəziyyət  Azərbaycandakı  milli-mənəvi  dəyərləri də təhlükə  altına  salmışdı. Cənubdan  və şimaldan keçə biləcək yad  dini  cərəyanların   milli-mənəvi  və mili-dini dəyərlərə  təsirinin  qarşısını almaq  qeyri-mümkün idi.

       Ulu Öndər Heydər Əliyevin balanslı  daxili  və  xarici siyasəti  nəticəsində Azərbaycanda  uğurlu  dövlət   və  din  münasibətləri  quruldu. Məscidlərin,  kilsələrin, sinaqoqların  və  başqa  ibadət  yerlərinin tikilməsi, bərpası,  din və  dövlət arasında  əməkdaşlıq  əlaqələrinin  möhkəmləndirilməsi,  ölkədə  müxtəlif dinlər və məzhəblər arasında həqiqi tolerantlıq münasiblətlərinin  formalaşdırılması,  milli-mənəvi  dəyərlərin  qorunması və s.məsələlər baxımından   dövlətin  yeni   nəzarət  və  inkişaf  qurumunun  yaradılması  zərurəti  meydana  gəldi. Beləliklə,  Azərbaycan Respublikası  Prezidenti Heydər Əliyevin  21  iyun  2001-ci  il  tarxixli  512 saylı  fərmanı  ilə   dini  etiqad  azadlığının   təmin edilməsi, dövlət-din münasibətlərinin  tənzimlənməsi  sahəsində  islahatlar   həyata   keçirilməsi məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsi yaradıldı.

     Bu gün Ulu Öndərin  memarı  olduğu  müasir Azərbaycan  möhkəm  təməllər  üzərində  qurulduğundan, heç bir  yad   ideoloji  təsirlərə  əyilməyərək,  cənab Prezident İlham Əliyevin  dinamik  inkişaf  strategiyası ilə daha uğurlu  gələcəyə  doğru getməkdədir.   

Qeyd: Məqalə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icmaların üzvləri arasında Heydər Əliyev irsi: Azərbaycanda Dövlət-Din münasibətləri mövzusunda elan etdiyi məqalə müsabiqəsinə təqdim olunmaq üçün hazırlanıb. 

Babayev Şahid Fərhad oğlu, 
Lənkəran rayonu Daşdatük kənd məscidi dini icmasının sədri