Onlar belə döyüşüblər...

44 günlük müharibənin qalib əsgəri Ilkin Balayevi siz də tanıyın

Otuz ilə yaxın müddətdə Azərbaycanın doğma torpaqlarını işğal edən erməni silahlı birləşmələrinə qarşı ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə qələbə ilə başa çatdı. Bu qələbənin müəllifləri başda Ali Baş Komandan İlham Əliyev olmaqla, şanlı Azərbaycan Ordusu, qəhrəman əsgəri oldu. Bu qələbənin qazanılmasında xidməti olanlardan biri də Ilkin Alı oglu Balayevdir. İlkin həmin ərəfədə Türkiyədə təhsil almasına baxmayaraq, Vətənə dönərək silaha sarılır. Bəli, Vətən İlkin kimi oğullar üçün hər yerdə VƏTƏNdir...

Dosye: Ilkin Alı oglu Balayev 1993-cu il avqust ayının 10-da Bakı səhərində anadan olub.1999-cu ildə Bakı şəhəri, Nəsimi rayonu, Milli Qəhrəman E.Tagızadə adına 164 saylı orta məktəbin birinci sinifinə gedib. 2010-cu ildə orta məktəbi bitirib.

2011-2013 illərdə Qarabag bölgəsində hərbi xidmətdə olub. 2013-2016 illərdə müxtelif yerlərdə işləyib. 2016-cı ildə Türkiyə Cumhuriyyətinin Karabuk şəhərində yerləşən Karabuk Dövlət Universitetinin, Ədəbiyyat  fakultəsinin Tarix bölumunə qəbul olub. Hazirda sonuncu kursda oxuyur. Pandemiya ilə əlaqədar ötən ilin aprel ayında xüsusi reyslə Lənkarana gətirilib ve 14 günlük karantindən sonra evə buraxılıb.

Ötən il sentyabr ayının 27-də, Prezdentin səfərbərliklə bağlı məlum sərəncamından sonra  Ilkin də digər yaşıdları, dostları kimi mənfur düşmənə qarşı vuruşmaq üçün ordu sıralarına yola düşür. Bir həftəlik hazırlıqdan sonra cəsur İlkinin döyüş yolu Füzulidən başlayır, Cəbrayılda davam edir və Zəngilanın azad olunması ilə başa çatır. Bu, İlkinin həyatından qısa bioqrafik məlumatlardır...

İlkin müharibə ilə bağlı xatirlərini danışmağa həvəsli deyil. Onun fikrincə, müharibə ilə bağlı düşünüləcək çox şey var, nəinki danışılası... İlkin deyir ki, o günlərin xatirələri bu gün ona çox təzadlı görünür. Ölümün, yaşamın anlıq olduğu bir zaman çərçivəsində çox şey yaşayıb az şey qavrayır insan. O bir anlıq xatirələrdən ağlıma gələnlərdən yalnız birini sizinlə bölüşmək istəyərəm: “Gecənin qaranlığında düşmənin hücumundan qorunmaq üçün işıq olmayan, qaranlıq dağların arasında yerləşdirildik... Heç bir səs-səmir yox idi, yalnız tankların səsləri eşidilirdi və biz nə olacağını düşünürdük. Elə bu anda qulaqbatırıcı bir səsə oyandıq... İzlədiyimiz müharibə filmlərinə bənzəyirdi, sanki yuxu idi, nə baş verdiyini tam dərk edə bilmirdik. Elə bu an taqım komandirlərinin “ Uşaqlar qorxmayın , hamı tez səngərlərə” qışqırığı bizi sanki aftomatik idarə rejiminə saldı. Hamımız səngərlərə uzandıq, döyüş qızışaraq bir müddət davam edib sakitləşdi. O andaa qəlpələr başının üzərindən uçanda ölümün necə yaxın olduğunu duysan da, özünü ələ alırsan. Fikirləşirsən ki, axı sənin həyatın, sağ qalmağın Vətənin, millətin xilası üçündür. Biz bu döyüşə gələcəyimiz naminə, bundan sonra gələn nəsillərin, qadınların, uşaqların, qocaların erməni qaniçənlərindən birdəfəlik xilas olması naminə qatıldıq.  Çünki Vətən uğrunda ölən varsa, VƏTƏNdir. Bu müharibədə çoxlu dostlarım azad, hür bir vətən və millət uğrunda canlarını o torpaqlarda fəda edib şəhid oldular. Vətəni ana kimi sevmək və övlad kimi qorumaq hamımızın borcudur”.

Qeyd edək ki, İlkin Balayev Prezdentin əyani təhsil alanların tərxis olunması ilə bağlı sərəncamı ilə ötən il dekabrın 12-də ordu sıralarından tərxis olunub.

 

Səid Əhmədli