Ağa Musa Nağıyevin tikdirdiyi xəstəxanalar

Məlum olduğu kimi 24 mart Ümumdünya Vərəmlə Mübarzə günü kimi qeyd olunur.  Martın 25-də Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və “Sağlamlığa Xidmət” İctimai Birliyinin təşəbbüsü ilə “Vərəmə son qoyaq” adlı tədbir keçirilib. Tədbirin əsas təşkilatçılarından olan Bakı Olimpiya Stadionunun  və 12 əsrin tarixi memarlıq abidəsi Qız Qalasının qırmızı rənglə işıqlandırılması qeyd olunan mərasimə Azərbaycandan bir mesaj oldu. Bu çox önəmlidir. Bu yolda təşkilatçılara müvəffəqiyyətlər arzulayıram.

Azərbaycanda ilk xəstəxanalar tikdirən milyonçu-xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsi olaraq çoxlarının indi yazacaqlarımı oxuyanda təəccüblənəcəklərinə əminəm. Məlumdur ki, 1950-ci ilədək müalicəsi qeyri-mümkün olan vərəmin tüğyan etdiyi bir dövrdə Ağa Musanın oğlu İsmayıl uzun müddət əziyyət çəkdiyi vərəmdən 1906-cı ildə 27 yaşında dünyasını dəyişib.

Amma çoxları bilmir ki, oğlunun vəfatı, onu bir deyil, dörd xəstəxana tikdirməyə sövq edir. O, tikdirəcəyi ilk xəstəxananın həyətyanı sahəsində - Mir Qasımov-1 ünvanında, öncədən Kox-vərəm mikroblarını məhv edə biləcək Şam ağacları əkdirir. 10 ilə (1910-1914) hazır olan və çox qısa müddət xeyriyyəçinin adını daşıyan xəstəxana, 1920-1992-ci ilədək Rusiyada ilk Səhiyyə naziri  olmuş Semaşkonun adı ilə məşhurlaşır. Totalitar rejim  burada da özünü gstərir. Tikintisi 300 min rubla başa gələn 1000 çarpayılıq xəstəxananı memar Bayev xeyriyyəçi Ağa Musanın  soyadının baş hərfi “H”(kiril əlifbası) formasında yaratmışdır. Palatalar hərfin paralel qanadlarında yerləşdirilmişdir. Binanın tikinti materiallarında antibakterial materiallardan-gümüş tozundan, xüsusi kafeldən istifadə olunub. Palatalarda tavanın hündürlüyü 4,80 m., eləcə də pəncərələrin çərçivələrinin enli və hündür olması havanın tənzimləməsinə yardımçı olub, bir növ kondinsioneri əvəz edib. Akademik Çazov bu xəstəxananın əməliyyat otağını görərkən, heyrətini gizlətmədən, belə bir cərrahiyyə otağına dünyanın heç bir xəstəxanasında rast gəlmədiyini vurğulamışdı. Böyük Vətən Müharibəsi dövründə və “20 Yanvar”da xəstəxana Hospital kimi fəaliyyət göstərib. Milyonçu-xeyriyyəçilər arasında insan sağlamlığına xüsusi diqqət yetirən təkcə Ağa Musa olub. O, sonradan E.Əfəndiyev adına 1 № xəstəxana, OMD - Ana və Uşaq Pediatriya İnstitutu və Sabunçu xəstəxanasını tikdirib. İlk xəstəxana (indi Səhiyyə nazirliyi) və OMD-nin binaları əkiz binadır.

Qeyd: İsmayıl bəstəkar Eldar Mansurovun babası Süleyman Mansurovla möhkəm dost olub və bu müalicə aldığı xarici ölkələrdən öz dəsti-xəttilə ona yazdığı məktublardan bəlli olur:  “Atam məni Fransaya gətirib ki, Berinq məni müalicə etsin...  Həkim heyvanlar üzərində etdiyi təcrübənin müsbət cavabını aldığını bildirməkə,“məhsulu” Strasburqda  tanınmış professora göndərib ki, öz klinikasında insan üzərində təcrübədən keçirsin...”. Sizin İsmayıl.    

Məktub 1916-cı il fevralın 6-da yazılıb, fevralın 16-da isə İsmayıl şiddətli qanaxmadan vəfat edib.

Bu da Ağa Musa Nağıyevin oğlunun müalicəsinə guya pul xərcləmədiyini təsdiqləyən fakt. Düşünürəm ki, mənbəyi olmayan məlumatlardan kənaralaşmaq vaxtıdır. Tariximizi yaşatmaq baxımından Ağa Musa Nağıyevin simasında xeyriyyəçilərimizin həyatını daha ətraflı öyrənib yaddaşlara köçürməyi  günümüzün reallığı sanıram. Çox istərdim bu yazı ilk xəstəxana, ilk poçt, elm və təhsil ocaqları, ümumilikdə 98 bina tikdirən Ağa Musa Nağıyevin adının əbədiləşdirilməsinə bir təkan olsun.

 Martın 25 və 26-da Feyzbuq və Tvitter səhifələrində verdiyim bu çağırışı saysız-hesabsız insanlar imza atdı.

 

Dilarə Nağıyeva,

A.M.Nağıyev adına“Milli Dəyərlərin Qorunması” İB-nin sədri