Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş videokonfrans keçirilib

Martın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak edib.

Tədbir soyqırım qurbanlarının, həmçinin ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb.

Çıxışlar zamanı 1918-ci il 31 mart soyqırımının öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktı olduğu bildirilib. Bu hadisənin xalqımızın tarixi yaddaşında əbədi və silinməz yer tutduğu, mənfur bolşevik-daşnak qüvvələri tərəfindən törədilən soyqırım zamanı on minlərlə insanın həlak olduğu diqqətə çatdırılıb. Natiqlər, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində tarixi qələbə qazandığını, torpaqlarımızın düşmən tapdağından azad edildiyini, soyqırım qurbanları və şəhidlərimizin qisasının alındığını qeyd ediblər.