Baş idarə əməliyyat keçirdi – Həbs olunanlar var

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağstafa rayon sakini A.Tağıyev şəhər ərazisində saxlanılıb.

Teleqraf.com xəbər verir ki, şəxsi axtarış zamanı üzərindən 6 qramdan artıq, idarə etdiyi “İveco” markalı avtomobildən isə 430 qram marixuana aşkar edilib.

Daha sonra Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən K.Quliyev Yasamal rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən 24 qramdan artıq heroin, 20 ədəd metadon həbi, yaşadığı evdən isə 486 qramdan artıq heroin, 30 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Bundan başqa, Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Tural Məmətiyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 7 qram narkotik vasitə marixuana aşkar olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq T.Məmətiyevin Qullar kəndində yaşadığı evə də baxış keçirilib və oradan 450 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.