Bakıda koronavirus "yayan" mikroavtobuslar peyda olub - POLİSDƏN XƏBƏRDARLIQ!

Pandemiya dövründə yoluxanların sayını azaltmaq, insanların sağlamlığını qorumaq üçün ciddi addımlar atılıb, qadağalar qoyulub. Onlardan bir də həftə sonları sərnişin daşıyan avtobusların işləməməsidir. Qadağalara baxmayaraq həftə sonları paytaxt ərazisində qanunsuz fəaliyyət göstərən mikroavtobuslar peyda olublar. 

Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayev Redaktor.az-a bildirib ki, sözügedən problem BNA-anı da narahat edən məsələlərdəndir:
“Bakı-Sumqayıt və ya şəhər ərazisində fəaliyyət göstərən mikroavtobuslar qanunsuz olaraq iş görürlər, bunun qarşısı alınmalıdır. Həmin avtomobillər heç bir standartlara cavab vermirlər. Artıq bir neçə dəfə narazıçılığımızı bildirmişik, amma bu məsələ Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətinə aid olan məsələdir.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə açıqlamasında virusun sürətlə yayıldığı bir zamanda bunun yol verilməz olduğunu bildirib:

“İnsanları daha diqqətli olmağa çağırıram, tanımadığınız, bilmədiyiniz, sürücülük sahəsində peşəkar olmasına əmin olmadığınız insanla məsafə qət etməkdən çəkinin. Sərnişin daşımada iştirak edən sürücülər xüsusi icazəsi olan, xeyli işləyən peşəkar sürücülərdir. Biz onları tanıyırıq, müvafiq kateqoriyaları var. Pandemiya dövründə peyda olanlar isə qanunsuz işləyirlər. Yol polisi dəfələrlə Bakı və Sumqayıt ərazisində reydlər keçirib. Xeyli sayda qanunsuz sərnişin daşıyan sürücülər aşkarlanıb. Ay ərzində iki dəfə eyni xətaya cərimə olunan sürücülər də aşkarlanıb.

"20 Yanvar" adlanan ərazidə polis əməkdaşları hazırda işləyirlər, belə bir hadisə aşkarlanıb. Bakı-Sumqayıt , Bakı-Abşeron istiqamətində sürücülər insanlardan əlaqə nömrələrini əldə edirlər. Müəyyən saatlarda əvvəlcədən əlaqə saxlayıb, sürücü və sərnişin qarşılıqlı razılaşma ilə yer təyin edirlər. Evlərin arasından, ara küçələr ilə hərəkət edərək Sumqayıta və digər ərazilərə qanunsuz sərnişin daşıyırlar. Bunun qarşısını almaq üçün tək yol polisi yox, vətəndaşın özünün də məsuliyyəti olmalıdır”.

Vaqif Əsədov insanları qeyri-peşəkar sürücülərə inanmamağa, onlara müraciət etməməyə çağırıb:

“Unutmayın ki, bu sürücülər pul qazanmaq üçün istənilən yola əl atırlar, sürət həddinə fikir vermirlər, məsuliyyətsiz davranırlar. Bu mövzunun təbliğatı, həm də həlli vacibdir. İnzibati tənbeh tədbirləri görülür, amma biz vətəndaşlara və sürücülərə bir daha müraciət edirik ki, diqqətli olsunlar”.