Azərbaycan bayrağının dalğalandığı Türkiyənin ən qədim məkanı – Rəsul Mirhəşimli yazır - FOTOLAR

 

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalistin Türkiyəyə səfəri davam edir.

Avropa.info-nun Türkiyəyə səfər edən əməkdaşı Rəsul Mirhəşimli xəbər verir ki, azərbaycanlı jurnalistlər bu gün Çanaqqala şəhərinin yaxınlığındakı Bəhramqla kəndində yerləşən Assos antik şəhərini ziyarət ediblər. Azərbaycandan gəlmiş jurnalistlərə Yeşim Çözeli bələdçilik edib.

Qeyd edək ki, Egey və Mərmərə dənizlərinin sahilində yerləşən Çanaqqala bölgəsi Türkiyənin əsas turizm məkanlarından sayılır.

Bəhramqala kəndinin ən yüksək yerində yerli əhali Azərbaycanın üçrəngli bayrağını asıb.

Çanaqqala da ölkənin digər turizm zonaları kimi mövsümün başlaması ərəfəsində yerli və əcnəbi turistlərin qəbul edilməsi üçün hazırlıqlarını davam etdirir.  Bu bölgəyə yerli turistlərlə yanaşı, Avropa ölkələri, Rusiya, Ukrayna və digər öıkələrdən turistlər gəlir.

Bu bölgənin ən böyük tursitik məkanlarından biri də qədim dövrə aid Assos antik şəhəridir. Ümumiyyətlə, Çanaqqla qədim, orta əsrlər və yeni dövr mədəniyyətini və tarixini özündə yaşadan şəhərdir. Qədim yunan, Səlcuklu dövləti, Osmanlı tarixi və mədəniyyətinin nümunələri günümüzədək qorunub saxlanılır.

Çanaqqala bölgəsində yerləşən antik Assos şəhərinin tarixi m.ö.VI əsrə gedib çıxır. Bir vaxtlar şəhər dənizə çevirib, terraslara enib. Osmanlı dövlətinin qurulması ilə bu ərazilərdə türklərin məskunlaşmasından sonra yaşayış məntəqəsi əks istiqamətdə inkişaf edib və Bəhramqala kəndi meydana çıxıb.

Şəhər sönmüş vulkanik bir təpədə, andezit qayalar arasında, dənizdən 236 metr yüksəklikdə inşa edilib. Assos ətrafında bol olan andezit daşından şəhərin inşasında istifadə edilib. Assos daşı çətin, lakin çox davamlı bir daşdır. Qədimdə onu insan yeyən daş adlandırırdılar. Bu daşdan hazırlanmış lahitlər o dövrdə Assosdan ixrac edilən bir məhsul idi.

Assosda ilk arxeoloji qazıntı 1881-1883-cü illərdə bir amerikan arxeoloji qrupu tərəfindən aparılıb.

Akropolun şimal küncündə Osmanlı sultanı I Murat tərəfindən XIV əsrdə tikilən təkgünbəzli məscid var. Osmanlı dövrünə aid Behramqala kəndi sərhədlərindəki körpü indiyədə tamamilə salamatdır və hələ də istifadə olunur.

Şəhərin ətrafı 3200 metr uzunluğunda və 20 metr hündürlüyündə bu günümüzə qədər gəlib çatan surlarla əhatə olunub. Bu surlar miladdan öncə IV əsrdə inşa edilib. Şəhərə giriş və çıxışı təmin edən iki əsas qapı var. Şərq və qərb qapılarının qarşısındakı ərazi nekropol (qəbiristanlıq) kimi istifadə olunurdu. Nekropolda sadə qəbirlərlə yanaşı, möhtəşəm abidə türbələri də tapılıb.

Nekropolun 9 əsrdir qəbiristanlıq olaraq istifadə edildiyi müəyyən edilib. Ən qədim dəfn yerlərində yandırılan cəsədlərin küllərinin xüsusi qablara qoyulduğu və ağızlarının bağlı olduğu müşahidə edilib.  Sonra ölülər ana bətnindəki vəziyyətində olduğu kimi daha böyük küplərə yerləşdirilir. Küplərin içərisinə ölülər üçün xüsisi hədiyyələr də qoyulurdu. Daha sonra lahit şəklində qəbirlərdən istifadə edilib. Lahitlər səthə yaxın olduğundan asanlıqla çıxarılıb və əksəriyyəti xəzinə oğruları tərəfindən qarət edilib. Sarkofaqlarda ələ keçirilən ölənlərə verilən hədiyyələrin ən maraqlısı, terrakotadan hazırlanmış qadın orkestrinin heykəlciyidir.

Qədim şəhərin ən yüksək nöqtəsində Afina məbədi var. Arxaik çağ Anadoluda inşa edilən ilk və yeganə Dor qaydasında olan məbəd, əsrarəngiz atmosferini hələ də qoruyub saxlayır. Zevsin qızı və 12 Olimp tanrısından biri olan Athena şəhərin qoruyucu tanrıçası idi. Sağlam sütunlardan çıxarılan nümunə qəliblər ilə tökülən yeni sütunlar hələ də ayaqda dayanır. Lesbos adası möhtəşəm Egey dənizi, simanızı oxşayan külək sizi qədim zamanlara, xüsusən gün batarkən geriyə - antik dövrə qaytaracaq qədər təsir edicidir. Məbədin müqəddəs otağındakı tanrıça heykəli 1800-cü illərdə amerikalılar tərəfindən götürülüb.

Sütunlardakı bəzi frizlər (qabartmalar) Boston, Luvr muzeyləri və İstanbul Arxeologiya muzeyində saxlanılır. qabartmalarda Herakl haqqında bir hekayədən bəhs edilir.

Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri davam edir.

Rəsul Mirhəşimli
Avropa.info
Bakı-Çanaqqala