Belə davam etsə, yenidən məhdudlaşmaya gediləcək - Xəbərdarlıq

Həyata keçirilən önləyici tədbirlərə baxmayaraq, Azərbaycanda COVID-19-a yoluxma sayında yenidən artım müşahidə olunur. Əvvəlki sərt karantin rejimləri ərəfəsində də bu tendensiya hiss olunurdu. Bu templə davam etsə, yəqin ki yenidən məhdudlaşmaya gediləcək. Əks halda tezliklə dekabrda qeydə alınan yoluxma rəqəmlərinə dönə bilərik. Nəzərə alsaq ki, qarşıdan Novruz bayramı gəlir, insanlar qonaq getmək, qonaq qarşılamaq kimi ənənələri davam etdirməklə yenidən yoluxma təhlükəsini artırmış olacaqlar. Yoluxma sayında artma davam etsə, məhdudiyyətlər də güclənməlidir. Bu, təkcə Azərbaycanda yox, bütün dünyada belədir. Ona görə də insanlar məsuliyyət hissini itirməməli, maska taxmalı, sosial məsafə saxlamalı, gigiyenik qaydalara əməl etməklə yanaşı, peyvənd olunmalıdır.

Bu barədə Teleqraf.com-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib.

O, yoluxma sayında son zamanlar artan faiz nisbətindən, restoranlardakı kütləvi tədbirlərdən, avtobuslardakı sıxlığın yaratdığı təhlükədən bəhs edib:

"Hər bir virusun törətdiyi xəstəliklərin özünün gedişatı var. Bu cür xəstəliklərin yayılma arealı mövcuddur. Çünki virus mutasiyaya uğrayır. Ona qarşı spektik müalicə olmadığı üçün hava damcı yolu ilə yayılma arealı daha geniş olur. Virusa qarşı yeganə effektiv müalicə yolu vaksinləşmədir. Müasir tibbi texnologiyanın inkişafı sayəsində vaksinin tapılması çox sürətli həyata keçirildi. Amma bununla da kifayətlənmək olmaz. Vaksinasiyanın aparılması heç də virusun tamamilə aradan qalxması anlamına gəlməməlidir. Peyvənd orqanizmdə immuniteti gücləndirməklə anti-teller əmələ gətirir, virusa qarşı müqaviməti artırır. Bunun da nəticəsində ağırlaşmaların və ölüm hallarının sayı azalır. Paralel olaraq da təcrid olunma, maska və digər qoruyucu vasitələrdən istifadə etmək zəruridir. İbn Sina öz dövrü üçün deyirdi ki, vəba yayılan şəhərlərə, yerlərə getməyin. Ona görə də virusa qarşı ən effektiv mübarizə tədbirlərindən biri də təcrid olunmaqdır. Təcrid olunmaqla biz xəstəliklərin azalmasına nail ola bilərik. Eyni zamanda bununla səhiyyə sisteminin yüklənməsinin də qarşısını almaq olar. Ölkədə aparılan profilaktik və əks-epidemioloji tədbirlər nəticəsində dünyada Azərbaycanın hazırkı durumu ən yaxşı səviyyədədir”.

İlham Məmmədov dünyada vaksinləşmə ilə bağlı da ədalətsiz bölgünün aparıldığını bildirib:

“Bu gün bir çox ölkəyə vaksinlər çatmır. Amma ölkəmizin iqtisadi gücü, qüdrəti sayəsində çox az ölkələrdən sayılırıq ki, vaksinasiyaya daha tez başlamışıq. Hazırda ölkədə vaksinləşmə prosesi uğurla gedir. Amma vaksinləşmə prosesi bu bəlanın tam bitməsi demək deyil. İnsanlar yenə də diqqətli olmalıdır”.

Millət vəkili son günlər yoluxma hallarının sayının artmasının yenidən narahatlıq yaratdığını qeyd edib:

“Bir çox ölkənin yaşam tərzi, iqlim xüsusiyyətinə uyğun olaraq virusun yayılma arealı dəyişə bilir. Azərbaycan xalqının mental xüsusiyyətlərinə uyğun olaraq müəyyən kütləvi tədbirlər keçirilir. Qonaqlıqlarda, tədbirlərdə iştirak etmək arzuları var. Bəzən də insanlarımız bunu başa düşülməyən səviyyədə edir. Eşidirik, görürük ki, yenə də hansısa bir restoranda toy məclisi, ad günləri, digər lüzumsüz tədbirlər keçirilir. İctimai nəqliyyatdakı sıxlıq, insanların yaşayış yerini vacib olmadıqca tez-tez tərk etməsi sözsüz ki, yoluxmada kütləviliyi artırır. Bu da nəticə etibarı ilə virusun daha çox insana keçməsinə səbəb olur”.