Partiya sədrindən etiraz: “Suyun bahalaşması vətəndaşların sosial durumuna mənfi təsir edəcək”

Məlum olduğu kimi Tarif Şurasının bazar günü qəbul etdiyi qərara uyğun olaraq Azərbaycanda fevralın 1-dən əhali üçün içməli suyun qiyməti ikiqat hesablanacaq. Lakin bu qurumun su tariflərinin bahalaşması haqqında qərarı cəmiyyətdə narazılıqla qarşılanıb. Hətta parlamentin son iclasındakı müzakirələrdə deputatlar Tarif Şurasını sərt tənqid ediblər.

Bu məsələni “İlkxəbər”ə şərh edən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də Tarif Şurasının məlum qərarını təqdir etmədiyini bildirib. Partiya sədrinin fikrincə, qiymət artımı ilk növbədə vətəndaşların sosial durumuna mənfi təsir edəcək və suyun bahalaşması əhalinin haqlı narazılığına səbəb olacaq.

Lakin bütün bunlara baxmayaraq patiya sədri ümid etdiyini bildirib ki, bu dəfəki qiymət artımından sonra su təchizatı sistemində köklü dəyişikliklər baş verəcək və əhalinin narazılığına səbəb olan neqativ hallar aradan qaldırılacaq.