Sahib Məmmədov QHT-lərlə bağlı fərmana dəyişiklikləri şərh etdi

Cənab Prezident 27 yanvar 2021-ci il fərmanı ilə "Qeyri-hökumət təşkilatlarına göstərilən elektron xidmətlərin təkmilləşdirlməsi haqqında" 2013-cü il 20 noyabr tarixli Fərmanına mühüm dəyişikliklər edib. Bu QHT-lərin fəaliyyətinin daha da asanlaşdırılmasına yönələn dəyişikliklərdir. Vətən Müharibəsi ərəfəsində QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Prezidentin köməkçisi cənab Hikmət Hacıyev QHT-lərlə ixtisaslaşdığı qruplar üzrə zoom- konfrans formatında görüşlər keçirmişdi. Həmin görüşlərdə qaldırlan problemlərin bir qismi və əhəmiyyətli hissəsi Fərmanda nəzərə alınıb. Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurası bu təklifləri ümumiləşdirib Prezident Adminstrasiyasına təqdim etmişdi.
 
Cənab Prezidentin Fərmana dəyişikliklərlə bağlı imzaladığı sərəncamın detalları, üstünlükləri və ümumiyyətlə QHT sektoruna faydası haqda tanınmış ekspert, hüquq müdafiəçisi Sahib Məmmədov fikirlərini bölüşüb. 
 
S. Məmmədov bildirib ki, bundan sonra QHT-lər xarici donordan aldığı qrantlar və xidməti müqavilə üzrə aldıqları vəsitlərə dair məlumatları Ədliyyə nazirliyinin “vahid pəncərəsinə” kağız daşıyıcıda deyil elektron formatda təqdim edəcək. İkincisi, ianələrə dair məlumatlar da bundan sonra elektron şəkildə təqdim olunacaq. 
Hər iki şərhdən QHT-lərin fəaliyyətinin elektronlaşması, əlavə get-gəldən və izahi vaxt itkisindən azad olmaları aydın olur. 
 
“Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı da bundan sonra elektron şəkildə həyata keçiriləcək. Bu həm də QHT-lərin hesabat-seçki yığıncaqlarından sonra reyestr məlumatlarının dəyişdirlməsinə aiddir”-deyə Sahib Məmmədov dəyişikliklərdən irəli gələn növbəti üstünlüyü açıqlayıb. 
 
Yekunda isə ekspert bildirib ki, dəyişikliklər şəffalığın artmasına, dövlət orqanlarının müvafiq fəaliyyətlərə vahid informasiya sitemi vasitəsi ilə nəzarət etməsinə, Bankların isə qrant, sifariş və inanələrlə bağlı qeydiyyatın olub olmamasını görməyə imkan verəcək.
 
Bu isə QHT fəaliyyəti üçün böyük avantajdı.
 
İlkxeber.org