"Şəhid analarına bu münasibəti yolverilməz hesab edirik"

Bütöv Azərbaycan Ocaqlarının bəyanatı:
"Artıq bir aydan çoxdur ki, Qaradağ qəsəbəsində qrunt sularının toplandığı ərazidə dəfn edilmiş 17 şəhidin valideynləri həyəcan siqnalı çalır, əlaqədar təşkilatların diqqətini bu məsələyə cəlb etmək istəyirlər.
Onların dediklərinə görə, problemi həll etmək üçün döymədikləri qapı qalmayıb. Ancaq çox təəssüf ki, indiyədək konkret heç bir iş görülməyib, Vətən uğrunda canını fəda etmiş döyüşçülərin məzarı isə su altında qalmaqdadır.
Son günlər sosial şəbəkələrdə şəhidlərin analarının öz oğullarının məzarı başında çəkdikləri fəryad və ah-naləyə ürək ağrısız baxmaq mümkün deyil. Sanki kimlərsə 30 ilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayan azğın düşmənə qan udduran, öz canı və qanı bahasına dədə-baba torpaqlarımızı azad edən qəhrəman oğulların ruhunu təhqir etmək, 44 günlük müharibədə qazandığımız şanlı qələbəyə kölgə salmaq və xalqda ölkə rəhbərliyinə qarşı narazılıq yaratmaq istəyirlər.
Doğrudanmı, bu torpaq uğrunda ən qiymətli nemət olan canından keçmiş fədakar oğullara bu torpaqda daha layiqli bir məkanda məzar yeri tapılmır?
Biz, Bütöv Azərbaycan Ocaqları olaraq, Yasamal rayon İcra Hakimiyyəti və başqa əlaqədar təşkilatların şəhid məzarlarına və şəhid analarına bu münasibətini yolverilməz hesab edir, bunun Azərbaycan xalqı və dövləti üçün utancverici bir hadisə olduğunu bəyan edirik.
BAO olaraq ümid edirik ki, Qarabağ zəfərinin əldə edilməsində canlarını fəda etmiş şəhidlərimizlə bağlı yaranmış problemlər həll ediləcək, şəhid ailələrinin haqlı narazılıqları dövlət tərəfindən nəzarətə götürüləcək və problemin tezliklə həll edilməsi üçün müvafiq göstəriş veriləcəkdir".