"Xan çinar"a yarımçıq yazılan tarix, Qarabağda tamamlanan ömür - ƏLİ və ÇİNAR hekayəsi

Bu gün doğma Bilnə kəndinə yolum düşmüşdü. “Oşmonu” bulağının yaxınlığında başı göylərə ucalan Xan çınarının üzərindəki yazı diqqətimi cəlb elədi. 44 günlük müharibədə şəhid olmuş qəhrəman eloğlumuz Əli Rzalı əsgərliyə getməmişdən əvvəl hər il dayısı Elşad Paşasoyun əkdiyi bu Xan çinara adının altından yeni təqvim ilinin qeyd edirmiş. 2015, 2016, 2017, 2018, 2019. Diqqətlə baxanda görürsən ki, 2019-cu ildən sonra Əli nədənsə ancaq 20 yazıb və növbəti 20-nin yerinə nida və sual işarəsi qoyub! Bu heç də təsadüfi ola bilməz! Kim bilir, şəhid Əlinin Xan çinarın köksünə həkk etdiyi bu tarixlər, bəlkə də, Şəhadət nişanələridir. Çox təəssüf ki, Əli 2020 və 2021-ci ili Xan çinara yaza bilmədi. Ancaq Əlinin Qarabağda yazdığı tarix Vətənimizin bütövləşməsini təmin etdi, yurd yerlərimizi düşmən əsarətindən azad etdi.

Diqqətlə baxanda yeni tarixin yeri ağacın kökləri üzərinə düşür. Əli bu tarixləri Xan çinarın köksünə həkk edərkən kim bilir hansı arzu ilə yaşayırmış, xəyalından nələr keçirmiş? Bu sirri başı göylərə ucalan Xan çinardan başqa heç kim bilmir.

Əli, bəlkə də, 2020-ci ilin payızında özünün Şanlı tarixin bir parçası olacağını bilirdi.Ona görə 2020-ci ili Xan çinarın köksünə qıymadı, öz sinəsinə yazdı Şəhadət qanı ilə.

Məkanın cənnət olsun, əziz Şəhidim.

Sənin əl izlərini Xan çinar elə qoruyur ki,o izlərin yerində budaq da bitirmir. Sənin son arzunun şahidi Xan çinar sakit duruşu ilə öz əzəmətini qoruyur. Şəhidim, bəlkə də, ucalığını səninlə paylaşdı, bu Xan çinar!

Beynimdə cavabsız min sual dolaşır.

Bir şeydən təskinlik tapıram, ƏLİnin yadigar qoyduğu hər iz mənim üçün müqəddəsdir!

Həmin ağac, həmin yazılar şeirə çevrildi: Şəhidimizin adını üzərinə yazdığı, Əli Çinarı. 

Bu şeirimi qəhrəman şəhidimiz Əli Nuru oğlu Rzalının unudulmaz xatirəsinə həsr edirəm!

 

Şair

İqbal Nemət

 

ƏLİ və ÇİNAR

 

Bir çinar gövdəsinə,

Adını yazdı Əli.

Ötüb keçən illəri

Çinara qazdı Əli.

 

Əliyə yaxın idi,

Dostu idi bu çinar.

Darıxanda getdiyi,

“Postu” idi bu çinar.

 

İndi onun baharı,

Gələcəkmi? bilmirəm.

Dostu cənnətə gedib,

Biləcəkmi? bilmirəm.

 

Kim yazacaq sinəmə?

İki min iyirmini.

Çinar dedi:- ay Əli,

Dostluğumuz bitdimi?

 

Sinəsi qazılsa da,

İncimədi, küsmədi

Əli gələcək deyə

Ümidini kəsmədi.

 

Töküldü yarpaqları

Dərin xəyala daldı.

Əlinin arzuları

Çinar dibində qaldı.

 

O, getdi döyüşlərə

Qəhrəman igid oldu.

Əli şəhid olan gün,

Çinar da şəhid oldu.