Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru barəsində cinayət işi başlanıb

Pandemiya dövründə COVID-19 virusunun yayılmasının qarşısının alınması, onun törədə biləcəyi fəsadların aradan qaldırılması və bu kimi əhalinin sağlamlığının qorunmasına yönəlmiş effektiv dövlət siyasətinə yol verdikləri korrupsiya hüquqpozmaları ilə ziyan vuran vəzifəli şəxslərin ifşa olunması istiqamətində prokurorluq orqanlarının kompleks tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğundan APA-ya verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri barədə toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Belə ki, aparılmış təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə İntiqam Abuşovun COVID-19 pandemiyası ilə əlaqədar rəhbərlik etdiyi Mərkəzdə işləyən həkim heyətinə əlavə hesablanan əməkhaqlarının bir qismini qeyri-qanuni yolla onlardan tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.