35-ci palatadan reportaj

COVİD-19-dan nə qədər qorunsam da, dünyanı ağuşuna alan bu qorxunc bəladan yaxamı  qurtara bilmədim. Dekabr ayının 1-də işlədiyim ofisdə koronavirus testindən keçdiyimdən və ertəsi gün neqativ cavab aldığımdan bir qədər arxayın idim. Lakin bu arxayınçılıq uzun çəkmədi, cəmi 2 gün sonra yüksək tempraturla yatağa düşdüm. Tanış həkimlərin məsləhəti ilə bir neçə sistem və koronavirusa qarşı müəyyən dərmanlar qəbul etsəm də, səhhətimdə yaxşılığa doğru dəyişiklik baş vermirdi. Tempratur 38,5-dən aşağı düşmür, iştahsızlıq, halsızlıq məni getdikcə haldan salırdı. İlkin tibbi yardım üçün Abşeron Təcili Yardımına zəng vurdum, lakin zəngimə cavab verən taplmadı. Dekabrın 10-da feysbukda belə bir status paylaşdım: “İki gündür Abşeron Təcili Yardımına düşə bilmirəm. 119 Xidmətindən verilmiş 0123482211 saylı telefon cavab vermir. 2 dəfə cavab veriblər ki, düzgün yığmamısınız. Yüksək tempratur içindəyəm. Yəqin ki, səsim TƏBİB-ə çatar”. Lakin Təcili Yardımdan heç bir xəbər yoxdur, üstəlik Abşeron Təcili Yardımının baş həkiminə etdiyim zəng də nəticəsiz qaldı. Halbuki baş həkim qeydiyyata alındığımı və yaxın saatlarda təcili yardımın yaxınlaşacağı vədini vermişdi. Qeyd edim ki, mənum məlum zəngimdən bir aydan da çox vaxt keçməsinə baxmayaraq Abşeron Təcili Yardımından hələ də səs-soraq yoxdur.

 

Ancaq feysbukda yazdığım statusdan sonra dostlar bir-bir zəng vurub narahat olduqlarını dilə gətirirlər. “Bakupost” saytının baş redaktoru Elçin Zahiroğlu zəng edib “sənə görə çox narahatıq, xəstəxanaya get, heç olmasa analizləri ver” deyir və öz yardımını təklif edir. İş yoldaşım Səid müəllim də tez-tez zəng edərək təcili Kompüter Tomoqrafiyasından (KT) keçməyimi və həkimə müraciət etməyimi (tanış həkimin nömrəsini də verir-X.Ə.) məsləhət görür. Eyni zamanda xəstəxanaya getməyimdə də təkid edir. Xəstəxanaya getməmişdən bir gün öncə, özəl klinikaların birindən gəlib qan analizi götürürlər və  cavab pozitiv çıxır. Ertəsi gün KT olunuram, cavab yenə də ürək açan deyil: ciyərlərimin hər iki tərəfi 75 % “buzlu şüşə”dir.

Səid müəllim təkrar zəng edir, KT-nin cavabını öyrənəndə dərhal xəstəxanaya getməyimdə israr edir. Mənsə tərəddüd edirəm, fikirləşirəm ki, bəlkə ev şəraitində müalicə oluna bilərəm. Elə bu ikirlər arasında götür-qoy edərkən telefonuma Səid müəllimdən növbəti zəng gəlir: “İlham müəllimə (söhbət professor İlham Rəhimovdan gedir – X.Ə.) sənin vəziyyətinlə bağlı məlumat verdim. Dərhal tapşırıq verdi ki, səni xəstəxanaya yerləşdirək. Artıq Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalına gedib səni qeydiyyatdan keçirmişəm. Bir neçə saata Təcili Tibbi Yardım maşını səni evdən götürəcək”.

Dekabrın 12-də Təcili Tibbi Yardım maşını məni xəstəxanaya aparanda gecə saat 23.30 idi. Halım həddən artıq pisləşmişdi, demək olar ki, nəfəs ala bilmirdim. Təsəvvür edin, təcili yardım həkimi məni oksigen balonuna qoşmaq istəyəndə hesab elədim ki, bu vaxt apara bilər. Ona görə də, özümü toparlayıb “məni tez xəstəxanaya çatdırın” deyə bildim. Saat 24.00-da artıq Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən Tibb Mərkəzinin Modul Tipli Hospitalında idim. Məni hospitalın 18-ci korpusuna, 2-ci mərtəbəyə, 35-ci palataya yerləşdirdilər. Dərhal oksigen balonuna qoşdular. Özümü yaxşı hiss etmədiyimdən gecəni necə keçrdiyimdən xəbərsiz oldum. Ancaq gecə yarısı iki xalatlı xanımın başımın üstündə dayandığı yuxu kimi yadımda qalb. Sonra səhərə kimi kəndimiz yuxuma girdi. Demək olar ki, hər qarışı kino lenti kimi gözümün önündə canlanırdı. Ot biçib, yığdığm biçənəklər, göbələk yığdığım təpələr, su içdiyim bulaqlar, odun topladağım meşələr hamısı bir-bir gözümün önündən keçdi.

Səhər tezdən gözümü açanda başımın üstündə həkimin və tibb bacısınının dayandığını gördüm. Özümü necə hiss etdiyimi soruşurdu həkim. Sistemə qoşulu haldaydım. Müalicəyə başlayandan 2-3 gün sonra səhhətimdə get-gedə yaxşılaşma hiss etməyə başladım. Ümumi analizlərimin cavabında da müsbət dinamika vardı. Həkimlərin səyi nəticəsində artıq ciyərlərimin fəaliyyəti normaya düşürdü...

Xəstəxanada olduğum 22 gün müddətində apardığım müşahidələr mənə deməyə əsas verir ki, COVİD-19 çox ağır xəstəlik olsa da, insanlar bəzən panikaya düşərək, bu qorxunc bəlanın qurbanına çevrilirlər. Adamlar bura düşəndə nədənsə daha çox sağalmaq, evə dönmək əvəzinə ölüm haqqında fikirləşirlər. Doğrudur, koranavirus proqnoz veriləcək xəstəlik deyil, orqanizmdəki ən zəif nöqtələri oyadır. Üstəlik, ətrafındakı insanları gözün görə-görə itirmək ağır dərddir. Orada olduğum ilk günlərdə qonşu palatada həzin-həzin ağlayan bir yaşlı qadın diqqətimi cəlb etdi. Düşündüm ki, ağrılar və tənhalq bu xanıma əzab verir. Axı burada xəstələrin yanına heç kimi buraxmırlar, yalnz telefonla əlaqə saxlamaq olar. Ancaq sonradan öyrəndim ki, bu xanım hospitala həyat yoldaşı ilə birgə gəlib və həyat yoldaşı dünyasını burada dəyişib. Əlbəttə, ki, çəkləsi dərd deyil. Yaxud dünən qonşu palatada deyə-gülə salamlaşdığın adamın sorağını reanimasiyadan alanda necə təsirlənməyəsən. Bütün bunlara baxmayaraq, daxili inam, möhkəm iradə bütün xəstəliklərə qarşı ən təsirli vasitədir. Həkimim mənə “müəllim, siz koranavirusu endiniz” deyəndə yuxarıda qeyd etdiyim fikirlərimdə haqlı olduğuma bir daha inandım. Ona görə də, bu istiqamətdə bütövlükdə cəmiyyətdə ciddi maarifləndirmə işləri aparılmalıdır...

Yeri gəlmişkən, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalı Zığda yerləşir. Hospital 2200 nəfər xəstə üçün nəzərdə tutulub ki, onlardan 200 nəfəri reanimasiya şöbəsində yerləşdirilə bilər. Burda xidmət yüksək səviyyədədir, hospital müasir avadanlıqlarla və bahalı dərmanlarla tam təchiz edilib. Dərmanlar xəstələrə pulsuz verilir.

Yeri gəlmişkən, bu məqamda hospitalın həkim, tibb bacısı və texniki personalından da söz açmaq yerinə düşərdi. Təbii ki, söhbət 18-ci korpusun ikinci şöbəsindən gedir. Həkimlərdən Möhübbət İsmayılov, Gülnar Yusifli, Elgün Quluzadə, qospitalın mərkəzi laboratoriyasının həkimi Sevda Qasımova, tibb bacılarından Zakirə Quliyeva, Fərqanə Hüseynova, Səbinə Feyzullayeva, Firuzə Abbasova, porterlər Elmir Rzayev, Kənan Çerpanov və adını çəkmədiyim digər tibb personalları nümunəvi xidmət göstərirlər. Onlar da öz sahələrinin qəhrəmanıdırlar və üç növbə ilə işləyirlər. 8 saat şləyəndən sonra evə deyi, xidməti avtobusla “Atletlər şəhəri”nə gedib orada istirahət edib, yenidən iş yerlərinə dönürlər.

Bizim şöbədə işləyən həkimlərin həddən artıq gənc olması diqqətimi cəlb etdi. Sən demə, kənardan da onların çox gənc olması açıq-aydın hiss olunurmuş. Burada maraqlı bir əlavə etmək istəyirəm. Elgün adlı növbə həkimindən birlikdə şəkil çəkdirməyi xahiş edirəm, o da məmuniyyətlə razılıq verir. Sonra şəklimizi tələbə yoldaşlarımın Votçap qrupunda paylaşıram. Xanım tələbə yoldaşlarımdan biri şəklə baxandan sonra belə yazr: “Xanoğlan, nə əcəb Səidi (kiçik oğlumdur – X.Ə.) palataya buraxıblar. Mən bildiyim qədər oraya heç kimi buraxmırlar, axı”...

Bəli bu gənc həkimlər Tibb Universiteni ya yeni bitiriblər, ya universitetin sonuncu kursunda təhsil alan tələbələrdir. Ancaq gənc olsalar da, koranovirusa qarşı müalicədə böyük təcrübə əldə ediblər, xəstələrə qarşı olduqca diqqətcil və mehribandırlar.

Məsələn, əslən Şuşalı olan həkim Möhübbət İsmayılov Tibb Universitetini cəmisi bir neçə ildir bitirib. “Respublikanski” kimi tanıdığmız Respublika Klinik Xəstəxanasının Lor şöbəsində işləyir. Sonradan hospitala da işə düzəlib və  koronavirusa qarşı müalicənin gözəl bilicisi kimi ad qazanıb. Burada həkimlər ağır xəstələrlə bağlı məsləhətləşmələr aparanda və ya təyinat yazanda ilk növbədə Möhübbət həkim yada düşür. Şöbədə olmayanda mütləq zəng edib, onun fikrini öyrənirlər. Mən evə yazılanda Möhübbət həkimə minnətdarlıq edirəm, borclu qalmaram deyirəm. Əvəzində, görün nə deyir: “siz sağalmağınızla mənə borcunuzu ödəmisiniz. Biz həkimlər, hər bir xəstəmiz sağalanda özmüzü xoşbəxt hesab edirik. Evinizə sağlam dönməyiniz, ən qiymətli mükafatımızdır”. 25 yaşlı Möhübbət həkimin ən böyük arzularından biri Şuşa Mərkəzi Xəstəxanasında işə düzəlməkdir.  

Səhər növbəsinin həkimi Gülnar Yusifli Tibb Universitetinin 4-cü kurs tələbəsidir. Əslən Şəkinin Oxud kəndindəndir. Bu, gülərüz, şirin dilli, mehriban həkim xalatını geyinməyə macal tapmamış birinci xəstələri ilə hal-əhval tutur. Əhval-ruhiyyəsi də xəstələrinin vəziyyətinə uyğun dəyişir. Laborotoriyadan yaxşı cavablar gələndə Gülnar xanım xəstənin əvəzinə də sevinir.

Gecə növbəsinin həkimi Elgün Quluzadə isə Tibb Universitetinin 5-ci kurs tələbəsidir. Əslən Beyləqan rayonundandır. Bu tələbə-həkim öz peşəsinin vurğunudur, desəm qətiyyən yanılmıram. Onun gələcəkdə bacarıqlı həkim kimi böyük uğurlar qazanacağına qəti əminəm.

35-ci palata və ya “Şəfəq palatası”

Palatada məndən başqa daha 3 nəfər var idi. Onların mənə tuşlanan baxşlarından hiss etdim ki, deyəsən vəziyyətim o qədər də ürəkaçan deyil. Ancaq özümü o yerə qoymayıb, onlarla tanış olmağa başlayıram.

Öncə palatamız haqqında bir neçə kəlmə. Deməli, 35-ci palataya müalicə həkimimiz Möhübbət İsmayılov palatamızın ən “stajlı”  sakini  Şəfəq Məmmədovun şərəfinə “Şəfəq palatası” adını verib. Qeyd edim ki, artıq həkimlər, tibb bacıları və texniki personal da 35-ci palatanı “Şəfəq palatası” adlandırırdı. İki gün öncə, Möhübbət həkimlə danışanda dedi ki, “siz gedəndən bu günə kimi “Şəfəq palatası” hələ də boşdur.

Şəfəq həkim əslən Göyçay şəhərindəndir, Vaqif küçəsində yaşayır. Yaşadığı evin nömrəsi də yadımda qalıb, amma özüm yazmıram. Hazırda 71 yaşı var, ömrünün böyük bir hissəsini Göyçay Xəstəxanasında Təcili Yardım şöbəsində həkim işləyib. Bu günə qədər 20-dən çox gənc həkimin həyatda özünü bacarıqlı həkim kimi təsdiq etməsində rolu olub. Şəfəq həkim əslində bizim palatanın da həkimi idi. Təcrübəli həkim kimi məsləhətləri ilə palata yoldaşlarının müalicəsində köməyini əsirgəmidi. Ona zəng edən dostları “nə vaxt evə yazırlar” soruşanda, zarafatla “məni məsləhətçi həkim kimi hospitala işə götürüblər” cavabını verirdi. Şəfəq həkim çox duyğusal bir insan idi, şux zarafatları ilə bizə xəstəliyimizi unutdurmağa çalışardı. Amma qəribə kədərlənməyi də vardı. Koranivurusun tüğyan elədiyi günlərdə Göyçaydan gələn zənglərdə köhnə tanışlardan kimlərinsə  vəfat etdiyi xəbəri veriləndə çox təsirlənər və deyərdi: “Koranavirus küçəmizdə söhbət eləməyə adam qoymadı ki”.

Şəfəq həkimin hospitaldan evə yazılmağı da çox maraqlı oldu. Yuxarıda qeyd etdiyim ki, palatamızın ən “stajlı” sakini olan Şəfəq həkim bir aydan çox müalicə almışdı. Bütün analizləri normal olduğu üçün sonuncu mərhələ olan koranavirus testi verdi. Ev hazrlığında olan Şəfəq həkimə iki gündən sonra POZİTİV cavabı gələndə xeyli pərt oldu, ikinci dəfə də POZİTİV cavabı gələndə əhvalı tamam dəyişdi. Deməli, 2-3 gündən sonra Şəfəq həkim üçüncü dəfə test verib və cavabı həyəcanla gözləyir. Telefona cavab mesajı gələndə, hiss etdim ki, cavaba baxmağa qorxur. Ürəyində Ayətül-kürsü oxuya-oxuya telefonun mesaj qutusuna baxıb birdən qışqırdı: “Allahıma şükürlər olsun, bu dəfə NEQATİV gəldi... ”

“Şəfəq palatası”nın digər sakini Mədət Abdullayevin 65 yaş var. Eyni gündə hospitala gəlmişik. Əslən Ağstafadandır, hazırda Gəncədə yaşayır və hərbi hissədə elektrik işləyir. Mədət burada yatan gündən 6 yaşlı nəvəsi Banu ona “dinclik” vermir. Babasına hədsiz bağlı olan Banu Mədət xəstəxanaya düşən günün səhərisi zəng edib babasına evə nə vaxt dönəcəyini soruşur və bu barədə həkimlə ciddi danışmağı tapşırır: “Baba, yadından çıxmasın, həkimdən yaxşı-yaxşı soruş “mən nəvələrimin yanına nə vaxt gedəcəm”? Ancaq günlər keçsə də, Mədət babanı hələ də evə buraxmırlar. Bu dəfə balaca Banu bərk qəzəblənir və babasına ultimatum verir: “Həkimə de, məni ora gətirməsin”...

Mədət özü də maraqlı insandır, yaxşı şeir həvəskarıdır. Onun daha çox rəhmətlik Bəhmən Vətənoğlundan şeirlər deməsi diqqətimi çəkdi. Söhbət əsnasında Bəhmənlə yaxın dost olduğundan və bu dostluğun maraqlı tarixçəsindən mənə danışdı:

“Bəhmənlə tanışlığımız 1994-cü ildə olub. Kəlbəcər işğal olandan sonra o Gəncədə “hərbi şəhərcik” adlanan ərazidə məskunlaşmışdı. Demək olar ki, yaşadığım evin qonşuluğu idi. Bir gün gördüm ki, balacaboy, arıq bir adam bizim həyətə gəlib məni soruşur. Yəqin ki, mənim elektrik olduğumu qonşulardan soraqlaşıb öyrənmişdi. Yaxınlaşdım, salamlaşdıqdan sonra dedi ki, evdə işıqları yanmır və onunla getməyimi xahiş etdi. Həmin adamla gedib elektrik naqillərində yaranmış nasazlığı təmir etdim və evdə işıqlar yandı. Minnətdarlıq edib yola salanda cibindən 20 manat çıxarıb mənə tərəf uzatdı. Nə qədər etdisə, götürmədim. Belə olan təqdirdə bir dəqiqə gözləməyimi xahiş edib geri qayıtdı. Qayıdanda əlində də bir kitab var. Dedi, “bu gündən səninlə dost olduq” və əlində tutduğu kitabı mənə hədiyyə edi. Kitabın üzərində Bəhmən Vətənoğlu yazılmışdı, adı da “Allahsız dünya” idi. Dostluğmuz onun ömrünün sonuna kimi davam etdi”. Sonra Mədət Bəhmənin “Yazığım gəlir” şeirini dedi:

Dünya kiminə kef, kiminə dəhşət,

Bunları qanana yazığım gəlir.

Duyub düşündükcə ömrün sonunu,

İnsanam, insana yazığım gəlir.

 

Dövran təzələdi yenə dərdimi,

Saz nədir, bilməyən tərpədir simi,

Bir ağılsız naşı qəvvaslar kimi,

Düşəndə ümana yazığım gəlir.

 

Ömür yolarında ağardı birçək,

Ay ellər, atalar alimdi gerçək:

Cüt olsa milçək də qalib gələcək,

Tək olan aslana yazığım gəlir.

 

Xilqətin sirrini duya bilmirəm,

Hər sözü aşikar deyə bilmirəm,

Niyə sızıldayır, niyə bilmirəm,

Naləli kamana yazığım gəlir.

 

Gözümdən yaş axır üzümə dən-dən,

Aman ay ayrılıq olmuyaydın sən.

Bir ölüm yaxşıdı sevilməməkdən

Talesiz cavana yazığım gəlir.

 

İgid ƏR adlanar qeyrət olanda,

Üzdə həya olar, ismət olanda,

Dilbilməz nadana qismət olanda,

Əhli-hal canana yazığım gəlir.

 

Bir an çatılmazmı qaşı ovçunun,

Axmazmı gözündən yaşı ovçunun,

Dəyəndə gülləsi naşı ovçunun

Yaralı ceyrana yazığım gəlir.

 

Dövrün gərdişinə uya bilməyib,

Qəlbindən qubarı yuya bilməyib,

Eşqini kimsəyə deyə bilməyib

Gizlicə yanana yazığım gəlir.

 

Zalım zaman kimi etdi bəxtiyar,

Ürəklərdə kədər, həsrət, intizar,

Aman Allah dağlar boyda dərdi var

Bəhmən tək ozana yazığım gəlir.

 

Palatamızın üçüncü sakini Kamil Rəzimi Bakıxanov qəsəbəsində yaşayır. Kamil də bu palataya mənimlə eyni gündə qəbul olunub. “Azfen” şirkətində qaynaqçı işləyir. Kamil bu hospitala təkcə özü gəlməyib, özüylə bərabər həyat yoldaşı, baldızı, 2 bacısı da qonşu korpusda yatır. Kamilin həyat yoldaşı ondan iki gün əvvəl evə yazılmışdı, digər xəstlərinin də səhhəti üçün təhlükə sovuşmuşdu.  Palatamızı ilk tərk edən Kamil oldu, yəni səhhəti tam normallaşmışdı. Amma Kamil xəstəxanaya gəlmə anlarını maraqla danışır. Deyir testin cvabı pozitiv çıxanda oğlumu yanıma çağırıb vəsiyyətimi elədim. “Axı hər şey ola bilər. Oğluma bütün vəsiyyətimi elədim ki, başıma bir iş gəlsə özünü itirməsin. Hətta cibimdəki kartların da yerini ona dedim, qəbir yeri barədə məlumatlandırdım”.

Beləliklə, Kamildən sonra Şəfəq həkimi, ardınca da Mədəti evə yola saldım. Şükürlər olsun ki, palata yoldaşlarımın hər üçü hospitalı tam sağlam şəkildə tərk etdilər…

Dekabrın 30-da məndən koronavirus testi götürsələr də cavab yubandı. Yeni il gecəsini və Yeni ili palatada qarşıladım. Yanvarın 2-də TƏBİB-ə zəng edəndə bəlli oldu ki, testin cavabı dekabrın 31-dən hazırdır və NEQATİV-dir. Guya telefon nömrəm onlarda olmadığı üçün mesaj göndərilməyib. Bir saatdan sonra tibb bacısı da gəlib məni muştuluqladı və nahardan sonra evə buraxılacağım barədə xəbərdarlıq etdi.

P.S. Hospitaln giriş qapısndan bayıra adlayan kimi taksiyə əyləşib ünvanı deyirəm. Evə getdiyimə hələ də inanmağım gəlmir. Doğma ünvana yaxınlaşdıqca, əzizlərimə, xüsusilə Səidə qovuşacağım dəqiqələri sayıram. Axı 22 gün öncə bu xoşbəxt anları yenidən yaşayacağımı təsəvvür edə bilmirdim. Azad və sağlam yaşamaq, doğrudan çox böyük xoşbəxtlik imiş.  Bu çətin günlərdə məni tək buraxmayan XEYİRXAH İNSANLARA, BÜTÜN DOSTLARA dərin təşəkkürümü bildirirəm.

 

Xanoğlan ƏHMƏDOV

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalı

12 dekabr 2020-ci il - 02 yanvar 2021-ci il