Qarabağı azad edən xalqın Şəhidlər Xiyabanına yürüşü - bir başqa 20 Yanvar...

Bu dəfə 20 Yanvar qəhrəmanlarını daha böyük qürurla yad edirik,  orada uyuyan şəhidlərə müjdəmiz var: torpaqlar işğaldan azad edilib

 

Fövqəladə vəziyyət elan edildikdən sonra da Bakıda 21 nəfər öldürülüb

Bu gün Azərbaycan xalqının 20 Yanvar salnaməsindən düz 31 il keçir. 1990-cı ilin Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.

 20 YANVAR FACİƏSİ

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.

20 Yanvar: müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi  FOTOKOMPOZİSİYA - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

20 Yanvar -

Bu dəfə 20 Yanvar qəhrəmanlarını daha böyük qürurla yad edəcəyik

Hər il olduğu kimi, yenə xalq Şəhidlər Xiyabanına axışacaq, izdihamlı yürüş edəcək. Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən təmir, geniş təmizlik və abadlıq işləri görülüb, ağaclar budanıb, qazon örtüyü yenilənib, səkilər və bütün ərazi yuyulub.

Bu gün xalq şəhidlərin qəbrini ziyarət edəcək, tər qərənfillər düzəcək. Vətəndaşların sərbəst hərəkətini təmin etmək üçün təhlükəsizlik tədbirləri görüləcək. Eyni zamanda sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək. Anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sözügedən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Büün bunlar işin texniki tərəfləridir. Əslində bu dəfə 20 Yanvar qəhrəmanlarını daha fərqli, daha böyük qürurla yad edəcəyik. Çünki orada uyuyan 20 Yanvar şəhidlərinə bir xoş müjdəmiz var - torpaqlarımız işğaldan azad edilib... Bu, 2855 şəhidin qanı hesabına qazanılan zəfərdir və 20 Yanvar şəhidlərinin ruhunu şad edəcək bir hadisədir. Ona görə bir başqa 20 Yanvardır... Onlar bu tarixi yaşamasalar da, başladıqları yolun sonunu 44 günlük Vətən müharibəsinin şəhidləri gətirdi.

Dosya:RIAN archive 359290 Mikhail Gorbachev.jpg - Vikipedi

Azərbaycanın bu cür cəzalandırılmasında məqsəd nə idi?

Lakin o dövrün tarixində bu gün üçün təftiş etməli, araşdırmalı nüansları da çoxdur. 20 Yanvar 1990  SSRİ-nin sonunu gətirən tarix olsa da, indi hadisələrə fərqli prizmadan baxmaq imkanları yaranır.

Məsələn, 1989-cu il, aprelin 9-na keçən gecə Tiflisdə Gürcüstan SSR Hökumət evi qarşısında keçirilən mitinqin dağıdılması zamanı 16 nəfər ölən olmuşdu. 1991-ci il, yanvarın 11-dən 13-nə kimi isə Litvanın paytaxtı Vilnüsdə törədilən qırğın da miqyasına görə Bakı kimi olmadı, orada da 14 nəfər həlak oldu. Bəs niyə Bakıya qarşı bu cür amansız qırğın törədildi? Səbəb SSRİ DTX-sının 20 yanvar ərəfəsi törətdiyi erməni hücumları, yoxsa SSRİ rəhbərliyinin ermənipərəst mövqeyi idi? Azərbaycanın bu cür cəzalandırılmasında məqsəd həm də SSRİ respublikalarında başlamış müstəqillik hərəkatını boğmaq idimi? Ümumiyyətlə, həmin qırğının qarşısını almaq mümkün idimi? 

Pənah Hüseynin oğlu cəbhəyə yollandı - Günün Səsi

Keçmiş baş nazir, hazırda isə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn o dövrdə AXC liderlərindən biri və İdarə Heyətinin üzvü idi. P.Hüseynin “Yeni Müsavat”a bildirdiyinə görə, 1990-cı ildə 150 min nəfərlik qoşun cəza əməliyyatına cəlb edilmişdi. Onun fikrincə, bu, SSRİ Müdafiə Nazirliyinin rəhbərliyi altında qətliam idi. P.Hüseyn hesab edir ki, məqsəd SSRİ-nin dağılması prosesinin qarşısını almaq və Sovet İttifaqını qoruyub saxlamaq idi. “Bakıda törədilən ”nümunəvi" cəza əməliyyatının həyata keçirilməsində bir başqa niyyət də digər sovet xalqlarına nümayiş etdirmək idi. Şübhəsiz ki, həmin dönəmdə erməni lobbisinin o vaxtkı SSRİ hakimiyyətinə təsiri nəticəsində belə qərar qəbul olunmuşdu. Eyni zamanda Bakıda törədilən qırğına səbəb o dövrdə milli azadlıq hərəktının miqyasının böyüklüyü ilə əlaqədar idi. SSRİ müdafiə naziri Yazov demişdi ki, biz ora Xalq Cəbhəsini dağıtmaq üçün gəlmişik. Hesab edirəm ki, SSRİ hər nə qədər rəsmi olaraq ateist ideologiyaya malik dövlət olsa da, Azərbaycan əhalisinin müsəlman olması da, cəza obyekti seçilməsində bir rol oynadı. Bu, bəşəriyyətə qarşı cinayət əməli idi", - deyə AXP sədri vurğuladı.

P.Hüseyn qeyd etdi ki, bununla belə, Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədilər və SSRİ-nin dağılması prosesi daha da sürətləndi: “Bugünkü dünyamızın yaranmasında demokratik hərəkatın önəmli rolu olub. Bakıda o dövrdə baş verənlər, demokratiya hərəkatı dünya tarixinə yazıldı”. Həmsöhbətimiz “Həmin qırğının qarşısını almaq mümkün idimi” sualına cavabında dedi ki, məsələnin belə qoyulması yanlışdır: "SSRİ rəhbərliyində belə qərar verilmişdi, bu sualın qoyulması məntiqi deyil. Əgər SSRİ rəhbərliyi bu qərarı verməsəydi, belə xətt götürülməsəydi, Bakıda, Tiflisdə, Vilnusda qətliamlar olmazdı".

“Biz çalışırdıq ki, onlar xalqımızın qarşısında öz günahlarını etiraf etsinlər”

Baş Prokurorluğun keçmiş idarə rəisi: “Məni yuxarı vəzifəyə irəli  çəkmədilər ki, sözəbaxan deyil” - SÖHBƏT - Modern.Az Azərbaycan və dünya  xəbərləri

İdris Əsgərov 

Qocaman prokurorluq işçisi, hadisələrdən iki il keçəndən sonra Moskvaya gedərək keçmiş SSRİ rəhbərlərini, Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxsləri dindirmiş İdris Əsgərov geniş müsahibəsində sirləri açıb.

İ.Əsgərov deyib ki, SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanovu, SSRİ müdafiə naziri Dmitri Yazovu, SSRİ DTK-sının sədri Vladimir Kryuçkovu 1992-ci il fevralın 19-da Moskvada o zamankı baş prokuror Murad Babayevlə birlikdə dindiriblər: “Bu şəxsləri dindirmək üçün bir sıra çətinliklərlə üzləşdik. Əvvəla, onlar Rusiya prokurorluğu tərəfindən həbs olunmuş, dövlət çevrilişi cəhdində ittiham edilirdilər. Onların hər birinin müdafiəçisi var idi və müdafiəçinin iştirakı olmadan heç kəslə görüşmək istəmirdilər. Bütün maneələri aradan qaldıraraq, biz hər üç müttəhimi onların müdafiəçilərinin iştirakı ilə dindirdik. Biz çalışırdıq ki, onlar xalqımızın qarşısında öz günahlarını etiraf etsinlər. Əvvəlcə marşal Dmitri Yazovu gətirdilər. Aman Allah, böyük bir millitarist, fövqəldövlətin hərbi qüvvələrinin rəhbəri bu imiş... Mənim xalqıma divan tutmaq komandasını verən marşal bu imiş?! Sözün düzü, ilk görüşdə mən emosiyalarımı cilovlaya bilmədim, vətəndaşlığım peşə borcumu üstələdi. Məndə bu insana qarşı nifrət oyandı. Onunla prokurorluq işçisi kimi danışmaq qabiliyyətimi bir anlığa yox etdi. Lakin özümü ələ aldım. Bunu dindirmənin istədiyimiz kimi aparılması da tələb edirdi. İlkin olaraq, dindirmə öz qaydasında gedirdi. Əsil ”soldafon" xislətli bu adam ifadə verməyə başladı. Onun qarşısında kəskin ifşaedici suallar qoyulduqda, öz müdafiəçisinin məsləhəti ilə ifadə verməkdən imtina etdi. Lakin biz bütün lazımi sualları onun qarşısında qoyaraq, baş vermiş kütləvi insan qırğınında şəxsi məsuliyyətini ona anladırdıq. Bizim verdiyimiz ifşaedici sualları dinlədikcə onun necə psixoloji həyəcanlar keçirdiyi indi də gözümüzün qabağındadır. Adamların kütləvi surətdə güllələnməsi haqqında çəkinmədən əmr verən bu marşal, daxilən nə qədər qorxaq və aciz imiş".