Professor İlham Rəhimovun 70 illiyinə

Bu günlərdə Azərbaycan Respublikasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru, tanınmış alim, professor İlham Rəhimovun 70 yaşı tamam olur. Professor İlham Rəhimovun həyat kredosunu zənginləşdirən əsas cəhətlərdən biri hüquq elmi sahəsində yaradıcılıq fəaliyyətidir. Belə ki, o, cinayət hüququnun fəlsəfi problemlərinin araşdırılmasına həsr olunmuş çoxsaylı maraqlı və məzmunlu elmi əsərlərin müəllifidir. Bu kontekstdə onun "Cinayət və cəzanın fəlsəfəsi"adlı monoqrafiası xüsusilə vurğulanmalıdır. Cinayət və cəza kimi fəlsəfi və hüquqi fenomenlərə kompleks yanaşma, bu istiqamətdə konseptual fikir və alqoritmlərin irəli sürülməsi müəllifin zəngin hüquqi biliklərə, təfəkkürə, səlis məntiqə və dünya görüşünə, mahir düşüncəyə və xüsusi istedada malik olmasını parlaq şəkildə biruzə verir. Parlaq və zəngin elmi yaradıcılıq vektoru ilə xarakterizə olunan İlham müəllim çox səmimi və qayğıkeş insan, müdrik bir ziyalıdır, yüksək insani keyfiyyətlərə malikdir. Həmçinin o, xeyirxah, mehriban, təbii olduğu qədər də ciddidir, dəqiqdir, prinsipialdır. Yüksək davranış  mədəniyyəti, təvəzökarlığı, ilhamvericiliyi alim və ziyalıları onun ətrafına, hüquqi fəaliyyət orbitinə cəlb edir. Bir sözlə, İlham Rəhimovun çoxillik həyat təcrübəsi və ictimai proseslərə məsuliyyətli münasibəti əsil ziyalılıq  nümunəsidir. Biz də "Hüquqi müstəvi" elmi-nəzəri, təcrübi jurnalının redaksiya heyəti adından professor İlham Rəhimovu 70 illik yubleyi münasibətilə təbrik edir, möhkəm cansağlığı, uzun ömür, elmi yaradıcılığında yeni nailiyyət və uğurlar arzulayırıq.

Kollektiv adından, dərin hörmət və ehtiramla,

"Hüquqi müstəvi" jurnalının baş redaktoru, hüquq üzrə elmlər doktoru,professor Etibar Əli oğlu Əliyev