Qorxmaz İbrahimli: “Ölkədə demokratiya nə qədər güclənəcəksə...”

“Prezident yanında müxalifət partiyalarının nümayəndələrinin də təmsil olunduğu Məşvərət Şurası yaradılsın”

 

 

 

Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimlinin partiyanın II qurultayındakı çıxışını oxucularımıza təqdim edirik

 

Aydınlar Partiyası qurulduğu gündən Azərbaycanda demokratiyanın inkişafı, fikir plüralizminin möhkəmlənməsi, hüququn ailiyinin təmin olunması istiqmətində mümkün olan hər şeyi edib. Xüsusən, işğalçı Ermənistan qoşunlarının ölkəmizin ərazisindən çıxarılması üçün dövlətə dəstək verəcəyini daim bəyan etmiş və əməldə gerçəkləşdirmişdir.

2019-cu ildə parlamenti buraxaraq növbədənkənar seçki keçirmək qərarı verən hakimiyyətin addımını alqışladıq və dəstəklədik. Lakin 2020-ci ilin 9 fevral tarixində keçirilən parlament seçkisi əvvəlkilərdən nəinki fərqləndi, hətta deyərdim, daha da betər oldu. Xüsusi saxtakarlıqla keçən bu seçkilərdə partiyamızdan iştirak edən iki namizədimiz nəticələr saxtalaşdırılaraq məğlub elan edildilər. Demokratik seçkidə yenilgini şübhəsiz qəbul edən bizlər saxtalaşdırma yolu ilə məğlubiyyəti, əlbəttə qəbul etmədik. Şəxsən mən, vəkillərim vasitəsilə bütün instansiya məhkəmələrinə şikayət edərək hüquqlarımı müdafiə etməyə çalışdım. Lakin məhkəmə - hüquq sisteminin zəif və icra hakimiyyətinin tabeçiliyində olduğu zamanda məhkəmələrdən olumlu qərar ala bilmədik.

Bildiyiniz kimi daha sonrakı mərhələdə dünyada tüğyan edən COVİD-19  pandemiyası ölkəmizə də gəlib çatdı. Pandemiyaya qarşı tədbirlər alınmağa başlamadan öncə Aydınlar Partiyası Siyasi Şurasının qərarı ilə dövlətə bu istiqamətdə dəstək verməyə başadıq. Pandemiyanın birinci dalğası zamanı elektron və yazılı KİV, eləcə də sosial media vasitələrində  yurddaşlarımızın  maarifləndirilməsi, vəziyyətin ciddiliyinin nəzərə alınması üçün bir siyasətçi olaraq əlimizdən gələni etdik.

Bu təhlükəli virusla bütün dünya dövlətləri kimi bizim ölkəmiz də ilk dəfə qarşılaşırdı. Ancaq ədalət naminə demək lazımdır ki, pandemiyaya qarşı mübarizədə müəyyən səhvlərin omasına baxmayaraq hakimiyyət və ilgili qurumlar mümkün olanları etdilər. İşin təşkilindəki ilkin səhvlər isə Səhiyyə nazirinin iş başında olmaması, TƏBİB-in yenicə yaradılmış təcrübəsiz bir qurum olması və Operativ Qərargahın başdan yanlış bir neçə qərarı ilə insanları necə deyərlər, biganələşdirməsi idi.

Biz bununla bağlı Dövlət başçısına müraciət göndərərək öz təkliflərimizi bildirdik. Bəlkə də təkliflərimizə baxılmadı, bir kənara atıldı, Prezidentə qədər gedib çatmadı, ancaq mənəvi cəhətdən də olsa, bir az rahat olduq. Xüsusən yay dövründə karantin müddətinin anlamsız uzadılması, Bakı və Sumqayıt şəhərlərindən insanların rayonlara getməsinin sərtləşdirilərək qadağan edilməsi, çimərliklərdən istifadənin uzun müddətə qadağan olunması yolverilməz hallar idi. Bütün bunlar OQ-ın yarıtmaz fəaliyyətinin nəticəsi idi.

Eyni zamanda COVİD testlərinin bahalılığı və əlçatan olmaması da yarıtmaz işin və məmur özbaşınalılığının, korrupsiya şübhəsinin yaranmasının örnəyidir.

Bu ilin iyul ayında Ermənistanın xain hücumu nəticəsində yüksək rütbəli zabitlərmiz şəhid olan zaman xalqla birlikdə bizlər də meydanlarda olduq. Dövlətimizi və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyevi dəstəklədik. Başlanacaq səfərbərliyə və Vətən müharibəsinə hər zaman dəstək verəcəyimizi bəyan etdik. 27 sentyabr 2020 tarixində düşmənin növbəti xain saldırısına cavab olaraq hücum əmri veriləndə bu qərarı ilk alqışlayan və dəstək verən siyasi partiyalardan biri də Aydınlar Partiyası oldu. İlkin olaraq yaralı əsgərlərimiz üçün qanvermə kampaniyasına qatılan üzvlərimiz bu nəcib təşəbbüsləri ilə hamımızı sevindirdi. Mənim övladlarım da həmin kampaniyaya qartılaraq qanvermə aksiyasında iştirak etdilər.

Qeyd edim ki, bu kampaniya çərçivəsində atlan addımlar və səfərbərliklə bağlı bir şey məni məyus etdi. Xəstəliyimlə bağlı mənə nə qan verməyə, nə də döyüşə getməyə icazə verilmədi. Ancaq sonrakı mərhələdə Müzəffər Ordumuza  dəstək kampaniyasına qatılmaqla bununla qismən də olsa, təskinlik tapdım.

Bundan başqa Vətən müharibəsinin gedişində mətbuatdakı çıxışlarımızla mümkün mərtəbədə əsgərlərimizi, Ali Baş komandanımızı dəstəklədik, hər zaman xalqı birliyə çağırdıq.

Döyüşlərdəki uğurlar hər bir yurddaşımız kimi Aydınlar Partiyasının üzvlərini və rəhbərliyini də hədsiz sevindirirdi.

44 günlük savaşda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik və onları hər zaman sayğı ilə anırıq. Təbii ki, müharibədə qəhərmanlıqla vurşan bütün igid əsgərlərimizlə yanaşı, partiyamızın üzvlərinin də bu döyüşlərdə iştirakı, şəhadəti, yaralanması, qalib gəlməsi hər birimizi həyəcanlandırdı, ruhlandırdı, kədərləndirdi, sonda isə mənfur düşmənin kaputilyasiyası hamımızı sevincə bürüdü.

Ancaq bununla yanaşı, mən 10 noyabr kapitulyasiya aktının tərkib hissəsi olaraq rus qoşunlarının Qarabağ ərazisinə - Azərbaycana yerləşdirilməsinə fərdi qaydada etirazımı bildirdim. Bu gün də o fikirdəyəm ki, Azərbaycan xalqı ilə məsləhətləşilmədən gecə ilə qoşunların ərazimizə buraxılması yanlış qərar idi... Biz rus imperiyasının iki yüz ildən çox bir dövrdə erməniləri necə planlı şəkildə ərazilərimizə, o cümlədən Qarabağın dağlıq hissəsinə yerləşdirilməsinin ağır fəsadlarını görmüşük. Nəticədə İrəvan şəhəri və xanlığı daxil olmaqla Zəngəzur, Göyçə kimi torpaqlarımızı itirmişik. Qarabağın bir hissəsinin isə ermənilərin gələcəkdə  baş bəlamız olması üçün muxtar vilayət elan edilməsinin nəticəsini ötən əsrin səksəninci illərinin sonundan başlayaraq görməkdəyik.

1988-ci ildə zorla yaradılmış “Volski idarəçiliyi” Qarabağın çox hissəsini Ermənistanın işğal etməsinə zəmin yaratmışdı.

Bu gün Qarabağda yerləşən, özlərinə “sülhməramlı” adı verənlərin də əməlləri ondan geri qalmır.

“Sülhməramlı” deyilənlər oraya yüngül silahlarla və məhdud sayda gəlməli dilər. Lakin QRAD və digər uzaq mənzilli silahları gətirdiklərini gördükdən sonra bizim bütün şübhə və etirazımız öz təsdiqini tapmış oldu. Əlbəttə, bunu üzülərək deyirəm ki, bizim dediklərimiz gerçəkləşməkdədir. Allah qorusun, gecənin birində bir neçə saatlığına bu raket və top qurğularının arxasında separtaçı terroristlərin oturmayacağına kimsə qarantiya verməmişdir.

Xüsusən qardaş Türkiyə əsgərlərinin bərabər müşahidəçilik missiyasına qatılmasına etıraz edilməsi də şübhələrimizi artırmaqdadır. Rusiya əgər sülhməramlıdırsa, Türk qoşunlarının da yanaşı olmasına bu qədər dirəniş göstərməməlidir.

Hesab edirəm, 11 yanvar Moskva üçtərəfli görüçündə Azərbaycan tərəfi ciddi məsələlər qaldırmalı və həllnə nail olmalıdır.

44 günlük Vətən müharibəsi vaxtında bir yumruq kimi Ali Baş komandanın ətrafında birləşən müxalifətə qarşı son hücumlar da üzücüdür. Tənqidə qarşı bu qədər dayanıqsızlıq ölkədə heç də yaxşı qarşılanmır. Hər nə qədər desələr də xalq buna etiraz edir. Çünki döyüşlərdə şəhid olan canlarımızın müxalifəti, iqtidarı yox idi. Hələ haqlı olaraq yüksək ranqlı məmurların övladlarının savaşdan gizlədilməsinə etirazları demirəm.

Belə bir kövrək zamanda ölkədə bu günə qədər olan bütün əskiklikləri AXC hakimiyyətinə fakturalamağa gərək yoxdur. Buna xalqı da inandırmaq olmaz.

Son günlərin ilk addımı olaraq Tarif Şurasın qərarı ilə ynvarın 5-dən Aİ-92 markalı benzin və dizelin qiymətlərinin qaldırılılmasının vacibliyini mənasız bir gərəkcəyə bağlamaları da iqtidarın yanlışlarından xəbər verir. Necə yəni, “ekologiyanı qorumaq üçün dizel yanacağının qiymətini yüksəldirik”. Bəs kəndliləri, fermerləri düşünmədinizmi, cənablar? Bu siyasətiniz qiymət artımına, inflyasiyaya necə təsir edəcək, düşünən oldumu? Əlbəttə, xeyr.

Eləcə də, mənasız gərəkcə ilə qiymət artımında Aİ 92 markalı benzinin qiyməti artırılmalı deyil, ekologiyanı qismən qorumaq üçün ən aşağı həddə qədər azaldılmalı idi. Səbəb bu idisə... Səbəb bu idisə gömrük tariflərinə yenidən baxılmalı, ili yeni olan avtomobillərin idxal rüsumu azaldılmalı idi. Qonşu Gürcüstanın illərdir həyata keçirdiyi gömrük siyasətini öyrənmək üçün alim olmağa gərək yoxdur. Bilirsinizmi, ötən müddət ərzində Avropada bazardan çıxarılmış, yola çıxması qadağan edilmiş, maşın məzarlıqlarına yığılmış on minlərlə keyfiyyətsiz maşın bizim avtomobul bazarımıza idxal edilmişdir. Yazıqlar olsun!

Elə idisə elektromobillərin idxalını təşviq etməli, bunun üçün də subsidiyalar ayrılmalı idi. Əlbəttə, əsil səbəbin bu olmadığı hər birinizə bəllidir.

Məncə, 44 günlük Vətən müharibəsi də göstərdi ki, bu xalq öz Prezidentinin ətrafında birləşə bilir. Məhz bu birliyin yumruğu Ermənistan dövlətini təslim olmağa məcbur elədi. Bu ymruğun gücü uzun müddət dünyada danışılacaqdır. Bu səbəbdən də əgər Prezident siyasi partiyalarla müzakirə aparıb bilinən iqtisadi durumun çözümü yollarını arasaydı, başqa yol xəritəsi cızılardı. O zaman Prezident hətta canlı yayına çıxaraq gerçəyi xalqa anlatsaydı, xalq anlayışla qarşılardı. Hər hansı bir neft şirkətinin verdiyi bu gərəkçəyə üzülməzdi.

1993-cü ildən bu yana 30 ilə yaxın bir dövrdə iqtidarda olan siyasi partiya xalq qarşısında hesabat verməlidir. Keçilən dövrdə əhalinin həyat səviyyəsi yüksəlmək əvəzinə daha da ağırlaşmaqdadır. Böyük bir neft bumu yaşamış ölkənin əhalisinin aclıq səviyyəsindən aşağı halda yaşayan vətəndaşlarını necə gizlədəcəklər.

Pandemiya dövründə hansısa bir iş adamının Bakının zəngin çoxluğunun yaşadığı Sulutəpə qəsəbəsində bir dükana girərək “nisyə dəftəri”ni bağlamasını coşqu ilə yayan mətbuatı da anlamadım. Mən bu halımıza çox üzüldüm. Xalqımız bunları haqq etmir, dostlar!

2019-cu ildən başlayaraq uzun müddət yüksək vəzifələrdə olmuş neçə məmur həbs olundu. İllərdir bizlər də daxil olmaqla azad mətbuat və sosial medianın səsinə qulaq tutmayan iqtidar bunu TV ekranlarından böyük qəhrəmanlıq nümunəsi kimi göstərməyə çalışmaqdadır. Şəxsən mən buna şox-çox üzülürəm. Bu məmurları da Əbülfəz Elçibəy yetişdirmişdimi?

Və ya həbs etdikləri o məmurlar haradadırlar, indiyə qədər? Demək olar, hamısı müxtəlif “üsul”larla həbsxana xəstəxanalarında necə deyərlər, kefdədirlər. Xalq isə onlar üzərində qurulacaq məhkəməni, mənimsədikləri əmlakların xalqa və dövlət büdcəsinə yönləndirilməsini gözləyir.

Əlbəttə, bu gün ölkımizdə demokratiyanın qarşısının alınmasının fəsadlarını yaşayırıq. Gələcəkdə bunun zərərli nəticələrini daha çox görəcəyik.

Şübhəsiz, ən asan yolun tənqid etmək olduğunu söyləyə bilərlər. Lakin biz vaxtaşırı çeşidli təkliflər verdik, qanunun aliliyinin təmin edilməsi üçün çox çalışdıq. Lakin dinlənmədik.

Təbii ki, müxalifət partiyaları olaraq bu günkü zəifliyimizin səbəbkarı təkcə iqtidar deyildir. Müxalifətin içərisindəki ayrı-seçkilik, mənəm-mənəmlik, sözdə demokrat olub, əməldə demokratiyadan uzaq olmanın da böyük təsiri var. Xüsusən, müxalifətin zəif düşməsi, iqtidarın necə deyərlər, əl-qolunu yelləyərək davam etməsinin səbəbkarı bir neçə müxalif partiya liderlərinin kini və əməlləridir. Bunu çoxlarınız gözəl bildiyinizdən səsləndirməyə gərək duymuram.

Sonda onu demək istəyirəm ki, Aydınlar Partiyası olaraq biz hər zaman konstitusion dövlət qurumlarının legitimliyini tanımışıq. Siyasi partiya olaraq seçkilərdə təsdiqlənmiş sonucu qəbul etmişik. Bunlar hamısı milli barışıq və düşmənlərimizin dəyirmanına su tökməmək üçün atlan, doğru hesab etdiyimiz addımlardır.

Hakimiyyəti bir daha başladığı islahatları sürətləndirməyə çağırırıam. Təklif edirəm ki, Prezident yanında müxalifət partiyalarının nümayəndələrinin də təmsil olunduğu Məşvərət Şurası yaradılsın.

2021-ci ildə vaksinləşdirmədən sonra pandemiyanın səngiyəcəyini bildiyimizdən mövcud Parlament buraxılaraq yeni demokratik seçkilər keçirilsin. Eləcə də, yaxın zamanlarda Bələdiyyə seçkilərinin də yenidən keçirilməsini təklif edirəm.

Keçiriləcək ədalətli seçkilərin nəticəsində isə Prezident başda olmaqla bütün yurddaşlarımız qazanacaq.

İcra hakimiyyəti başçılarının əsarətində olan bələdiyyələrə azadlıq və səlahiyyət verilməlidir. Bələdiyyə məclisləri vasitəsilə korrupsiyanın xeyli azaldılmasına nail ola bilərik.

Ölkədə demokratiya nə qədər güclənəcəksə, dövlətimiz və onun başçısı da o qədər güclü olacaqdır.

Hələ irəlidə bizi görüləcək çox böyük işlər gözləyir, o cümlədən mənfur və xain ermənilərdən azad edilməli ərazilərimiz var. Bunun üçün birliyimizi qorumalıyıq.

Aydınlar Partiyası II Qurultayını keçirməklə demokratiyanın və milli birliyin genişlənməsinə öz töhfəsini verəcəyinə qəti əminəm.

Yeni seçilmiş sədrimizə, rəhbər heyətə və bütün sıravi üzvlərimizə uğur və başarılar diləyirəm.

 

İlkxeber.org