Dini icma sədrləri və din xadimləri ilə videokonfrans keçirilib

İyunun 10-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lənkəranda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri ilə videokonfrans keçirilib. Videokonfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, dini icma sədrləri və din xadimləri iştirak ediblər. Çıxışlar zamanı bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli tədbirlər qeyd edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qaydalarına və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin 18 mart 2020-ci il tarixli əmrinə əməl edilməsinin vacibliyi vurğulanıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.