Nəyimizi alıblar?

Evin tikilsin yaddaş. Qırxa doğru yolun astanasında məni ayaqlarına salıb sürüm-sürüm süründürürsən. Şeiri bir dəfə oxuyan kimi əzbərləməyimin limitimi bitib? Yoxsa, məni bədnəzərə inandırmağamı çalışırsan? Məmurlardan betər olmusan. Bir əsərin müəllifini xatırlamaq üçün saatlarla qarşında boynumu bükməli oluram. Gözləyirəm sənin nazın durula xahişimi nəzərə alasan. İşimi düzəltməyə meylin olmayanda da həmin o məmurlar kimi yaxanı kənara çəkib məni dağa-daşa salır, ona-buna möhtac qoyursan. Neynək olsun. Mən də haqqını tələb edən vətəndaş kimi hər şeyin sonunadək gedəcəm. Sağ olsun ququl. Əsərin adını yazıram həmin dəqiqə müəllifini göstərir. Doğrudur, bu dəfə ququl da kömək etmədi, amma ondan narazı qalmadım, əvvəlki yaxşılıqlarını unutmaram. Adam gərək nə istədiyini dəqiq bilə. Yoxsa, gah nala, gah mıxa vurmağın xeyiri olmur. Bu gün axşamacan bir rəvayəti hardan oxuduğumu xatırlamağa çalışmışam. Yaddaşın da axtarış düyməsi yoxdur ki, açar sözlər yazıb lazım olanı tapasan. Rəvayətdəki sözləri gah arxaya, gah qabağa keçirib özümdən açar söz düzəldib düşdüm ququlun canına, amma nəticə vermədi. Çarəsiz qalıb həmin rəvayəti birbaşa burda yazıram. Ya folklorşünaslar dilə gələr, ya da kimsə xatırlayıb “filan əsərdəndir”, “filankəsdən eşitmişəm” deyər. Bəlkə də, kimsə statusunda paylaşıbmış. (Dostların “Nə düşünürsən?” çərçivəsində “hər zövqə” uyğun nə istəsək tapırıq.) Rəvayətdə deyilir ki, bir oğlan bir qaraçı qızı sevir. Qızın atası buna razı olmadığından ağır şərt qoyur. Eşqindən dönməyən oğlan şərtlə razılaşır. Qaraçı kişi deyir ki, bizim adətimiz dilənməkdir. Qızıma sahib olmaq istəyirsənsə mütləq dilənməlisən. Oğlan əvvəlcə tərəddüd edir, amma sevgisinə görə məcbur olub bu işə razılaşır, yolun kənarında dayanıb dilənir. Adamlar əlinə pul qoyduqca utandığından tər tökür. Bir-iki gün belə davam edir. Bir gün qızın atası oğlandan bunu necə bacardığını soruşur. Oğlan deyir ki birinci gün çox çətin oldu, xəcalət çəkdim, amma getdikcə öyrəşdim. Kişinin cavabı ağır olur: bala, ilk gün səni utandıran həya hissi idi – deyir – amma bir dəfədən sonra o hiss səndə ölüb. Ona görə də sonrakı günlər dilənmək sənə asan olub. Rəvayəti burda saxlayıb keçək başqa hissəyə. Oxuyanlar Corc Oruelin “1984” əsərinin ağır əsər olduğunu bilirlər. Oxumayanlar üçün əsərin mövzusunu müəllifin öz sözləri ilə qısaca açıqlayım: “Sonuncu romanım sosializmə, habelə tərəfdarı olduğum Leyboristlər partiyasına hücum kimi qəbul edilməməlidir. Mən kommunizm və faşizmin törətdiyi özbaşnalıqları göstərməyə çalışmışam. Kitabda yer alan səhnələrin Britaniyada cərəyan etməsinə gəldikdə isə  bununla ingilisdilli irqin mahiyyət etibarı ilə başqalarından  daha yaxşı olmadığını və əleyhinə ardıcıl mübarizə aparılmadığı təqdirdə totalitarizmin  hər yerdə qələbə çalacağını diqqətə çatdırmaq istəmişəm”. Romanda əvvəldən sonadək siyasi motivli hadisələr “bir-birinə sadiq qalır”. Əsərdə sadiq qalmayan təkcə sevgililərdir. Sadəqətsizlikləri siyasi ideyanın “diqtəsi” olur. Bu diqtə onlardan nəsə alır, bu “nəsə” heysiyyət hissidir və o “qətlə yetirilir”. Bu “qətl” məni günlərlə halsız-hərəkətsiz qoydu. Çox gərgin anlar yaşadım. Hadisələrin təsirindən daxilən didik-didik oldum. Əsərin sonunda köhnə sevgililər rastlaşırlar, aralarında qısa dialoq olur: – Mən səni ələ verdim, – deyə Culiya müqəddiməsiz sözə başladı. – Mən də səni ələ verdim. Onlardan nəyi alıblarsa dönüklük edib, bir-birlərini ələ veriblər. Təkcə ələ verməyiblər həmin an ikisi də öz başına gələn pisliklərin o birinin başına gəlməsini istəyib. Buna görə də sonradan bir-birinə əvvəlki hisslərlə yanaşa bilmirlər. Hardan oxuduğumu unutduğum rəvayətlə vurğuladığım məqamın əlaqəsini anladınız. Hər ikisinin bizimlə də birbaşa əlaqəsi var.  Bizdən də nəyisə alıblar. Nəyisə demək azdır çox şey alıblar. Həyatımız ona görə belə dadsız-duzsuz olub. Bizdən alınanı tapmalıyıq. Yoxsa, həyası qalan həyasından dinməyəcək, həyadan uzaq olanlar da bundan istifadə edəcək, olan-qalan ömrümüz də puç olacaq. Əsərin qəhrəmanlarının –  Uinstonla Culiyanın daxilən sındırılması ilə A.M.Qorkinin “Makar Çudra” hekayəsi ideya cəhətdən bir-birinin əksidir. Birində siyasi quruluşun, siyasi ideyanın burulğanında qəhrəmanlar  mənən məhv olurlar, digərində isə sevənlər azad ruhun, qürurun ucbatından qovuşa bilməsələr də ölümləri ilə həm sevgilərini, həm də heysiyyətlərini qoruyurlar. Onların xoşbəxtliklərini də azad ruh və qürur alır. Qovuşmaq üçün daxili azadlıqlarını, ideyalarını qurban verə bilərdilər. Amma həm sevginin əlçatmazlığını, həm də prinsiplərini qorudular. O birilərinin isə seçəcəkləri yol ya ölüm, ya da məğlubiyyət idi. Həyası alınıb diləndirilən gənclə heysiyyəti, qüruru alınanlar bir-birlərindən fərqlənmirlər. “1984” əsərini oxuyandan sonra adamda az qalır “mən filan işi etmərəm” demək cürəti ölsün. Əsərin finalı oxucudan özünəgüvən hissini alır. Bəlkə də, bütün işgəncələrə baxmayaraq ölümü seçib bir-birini satmamaq da olardı, amma... “lənətə gəlmiş həyat eşqi”... (C.London “Martin İden”) Bəlkə də, bu anlarda hardasa o fiziki əzablardan yenə də kimlərsə çəkir. Hardasa işgəncə altında sevgisindən imtina edən, həyasından keçib dilənən var. Bilmirik. Bu barədə düşünmək belə dəhşətlidir. Təsəvvür edin ki, bu cür seçim qarşısında bir ananı qoyurlar. Xocalıdakı kimi... Rəvayətdən, əsərdən ayrılıb özümüzə baxanda daha da acınacaqlı vəziyyətin mövcudluğunu dərk edirik. Bizdən nələr almayıblar, ilahi! Bu gün yenə olan-qalan hisslərimizi də aldılar.