Bildiyimiz kimi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına start verib. Şuranın bu çağırışına səs verib kampaniyaya  qoşulan QHT-lərimiz çoxdur. QHT rəhbərləri xeyirxah addım ataraq həm Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr köçürüb, həm də tənha, yaşlı, eyni zamanda  aztəminatlı şəxslərin zəruri ərzaq və dərmanla təminatını öz üzərlərinə götürüblər.
Son günlərdə sosial şəbəkələrdə, mediada maddi imkanı ağır olan ailələr haqda məlumatlar yayılır və belə təəssürat yaranır ki, diqqədən kənar qalan ailələrin, şəxslərin sayı çoxdur. Əslində dövlət bu yöndə bütün gücünü səfərvər edib, hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşır. Amma istisna deyil ki, müəyyən texniki problemlər, məlumatsızlıq üzündən bu dəstəkdən kənar qalanlar da var. Onlar üçün ərzaq və dərmanlarının alınmasında problem yarandığını, yaşlı, tənha şəxslərin koronavirus pandemiyası dövründə ərzaq və dərman təminatında çətinliyin olduğunu nəzərə alaraq QHT Şurasının rəhbərliyinin tapşırığı ilə yeni kampaniyaya başlayırıq.
Kampaniyanın məqsədi maddi imkanı zəif olan, evinə bazarlıq etməkdə çətinlik çəkən insanların bəlli edilməsi, məlumatların bir bazaya toplanması və cəmiyyətin ayrı-ayrı üzvlərinə müraciət etməklə dəstək kampaniyasını keçirməkdir.
Bunu etmək üçün sosial şəbəkə istifadəçiləri maddi imkanı zəif olan, köməyə həqiqətən ehtiyac duyduqları, tanıdıqları, eşitdikləri, gördükləri insanların siyahısını aşağıda verilən əlaqə vasitələrinə çatdırmaq xahiş olunur.
Bundan sonra həmin məlumatlar operativ olaraq aşağıdakı 3 qrupa təqdim olunacaq:
Müvafiq dövlət qurumlarına
İmkanlı şəxslərə, iş adamlarına
QHT sektorunda fəaliyyət göstərənlərə
Arzu edərdik ki, digər imkanlı insanlar iş adamları, şirkət sahibləri müvafiq icra strukturları əhalinin azimkanlı təbəqəsinin siyahısı ilə maraqlansınlar və onlara maddi-mənəvi dayaq durmaqda dəstəklərini əsirgəməsinlər.
Yardım etmək, çətinlikdə olan qonşuya dəstək olmaq, əl tutmaq millət olaraq genlərimizdən gəlir. Biz əlimizdəki bir tikə çörəyi də imkansızla bölməyi bacarmışıq, ağır günlərdə, bir ailədə faciə baş verəndə, insanlarımız tarixən elliklə bir-birinə dayaq olmuşuq.
Biz birlikdə güclüyük! Həmrəylik mili təhlükəsizliyimizdir.
Əlaqə üçün vasitələr:
qhtxeber@gmail.com
Azayguliyev.az saytının “Koronavirusla mübarizə” bölməsi
P.S. Saytda verilən ünvanlarla əlaqə saxlanılacaq, yardım edildikdən sonra məlumatlar mütəmadi yenilənəcək