“Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda tədbir keçirilib. Lənkəran rayonu Kənarmeşə kənd məscidində baş tutan tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Kənarmeşə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fail Həşimov, kənd bələdiyyəsinin sədri, Kənarmeşə kənd məscidi dini icmasının sədri Rəfail İbrahimov, ətraf kəndlərin din xadimləri və dindarlar iştirak edib. Tədbir Xocalı soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi və ruhlarına Qurani-Kərimdən ayələrin oxunması ilə başlanıb. Çıxışlar zamanı 1992-ci il fevral ayının 26-da mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında danışılıb. Bildirilib ki, bu soyqırım bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşi cinayət aktıdır. Natiqlər, şəhidlik anlayışı və onun mahiyyəti haqqında fikirlərini bildirərək şəhidliyin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu qeyd ediblər.