Qarabağ əlili Birinci vitse-prezidentə müraciət etdi: “Evim yoxdur…”

  Yardımlı rayonunun Dəlləkli kənd sakini, Qarabağ əlili İlkin Eldar oğlu Ziyadov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Qarabağ əlilinin həmin müraciətini olduğu kimi çap edirik: “Hörmətli Mehriban xanım! Mən Heydər Əliyev adına Hərbi Akademiyanın məzunuyam. Hərbi rütbəm mayordur. Bütün hərbi xidmətimi ən qaynar döyüş bölgələrində keçirmişəm. 2015-ci ildə hərbi tapşırığı yerinə yetirərkən ağır yaralanmışam və qıçımın birini itirmişəm. Müharibə əliliyəm. Döyüş və xidməti tapşırıqları layiqincə yerinə yetirdiyimə görə dəfələrlə Ali Baş komandan və hərbi hissə tərəfindən təltif olunmuşam. Ailəliyəm və üç övladım var. Uşaqlarımdan biri ağır xəstə olduğu üçün maddi cəhətdən sıxıntı keçirirəm. Evim yoxdur. Tikməyə isə maddi imkanım yoxdur. Xahiş edirəm mənə fərdi yaşayış evinin tikilməsində köməklik edəsiniz. Onu da nəzərinizə çatdırıram ki, bu barədə yerli icra hakimiyyətinə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsəm də, heç bir köməklik göstərilməyib. Əvvəlcədən Sizə minnətdarlığımı bildiriəm.    Hörmətlə, İlkin Eldar oğlu Ziyadov. 03 fevral 2020-ci il”.