Tehranın Laçın və Zəngəzurla bağlı hiyləgər “təklifləri”

Bu “prinsiplər” Azərbaycanın içinə basdırılmasına çalışılan növbəti “siyasi minadır”

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı geniş yazı ilə çıxış edib. “Xəbəronlayn” (Khabaronline.ir) saytında dərc edilən məqalədə Pakayin İranın Azərbaycana qarşı siyasətində “nisbi yumşalma” təsiri bağışlasa da, əslində 10 noyabr bəyanatının mahiyyətinin təhrifinə və Azərbaycanın milli maraqlarına qarşı hiyləgər bir gedişdir. (Axar.az)

Pakayin “Ayətullah Xamenei 13.08.1399-cu il (28.11.2020-ci il) tarixli bəyanatlarına” istinadla İranın sülhün müddəalarını tənzimləmək üçün Azərbaycan və Ermənistan tərəfindən “nəzərə alına biləcək 6 prinsip” irəli sürməsindən də danışıb. İranın təklif etdiyi prinsiplərə qısa şəkildə baxaq:

Ermənistan mərkəzi Xankəndi olan Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanımalıdır;

Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində Qarabağa muxtariyyət verilməsi, təhlükəsizliyin təmin edilməsi və ermənilərə vətəndaşlıq hüquqlarının verilməsi öhdəliyini götürməlidir;

Azərbaycan Zəngəzur dəhlizinin Ermənistanın ərazisi və bu ölkənin ərazi bütövlüyünə aid olmasını qəbul etməli, bu dəhlizlə bağlı tarixi iddialardan çəkinməlidir;

Azərbaycan Laçın keçidini açıq saxlamaqla bağlı öhdəlik götürməlidir;

Ermənistan Zəngəzur dəhlizi üzərində suverenliyini qorumaqla Azərbaycana Naxçıvan Muxtar Respublikasına daxil olmaq üçün bu dəhlizdən istifadə etməyə icazə verməlidir;

Azərbaycan və Ermənistan Laçın və Zəngəzur keçidlərindən hərbi təyinatlı yüklərin daşınmaması üçün öhdəlik götürməlidir. Sonda Pakayin iddia edir ki, guya bu prinsiplərə əməl olunsa, “Azərbaycan və Ermənistanın ərazi bütövlüyü qorunacaq, coğrafi sərhədləri dəyişməz qalacaq, mühüm keçidlər açılacaq və erməni azlığının təhlükəsizliyi və hüquqları təmin olunacaq, əks halda, hər iki ölkə keçmişdə olduğundan daha çox ziyan görəcək. Bu "prinsiplər" Azərbaycanın içinə basdırılmasına çalışılan növbəti siyasi minadır və Azərbaycan Ordusunun qüdrəti sayəsində məhv edilən erməni işğal siyasətinin yenidən cücərməsinə hesablanan layihədir.

 

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov 6 bəndin hər birini ayrı-ayrılıqda şərh etdi: “İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı yazısında Azərbaycan və Ermənistan tərəfindən "nəzərə alına biləcək 6 prinsip"ə diqqət çəkir. İndi onları şərh etməyə çalışaq:

Ermənistan Praqa və Soçi görüşü nəticəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Tərəflər BMT Nizamnaməsinə və Almatı Bəyannaməsinə sadiqliklərini ifadə ediblər. Lakin sülh müqaviləsinin imzalanması ilə prosesləri rəsmi İrəvan ləngidir.

Azərbaycanın öz ərazi bütövlüyü çərçivəsində Qarabağa muxtariyyət verməsi məsələsi bu gün müzakirə olunmur və siyasi gündəlikdən çıxıb. Çünki regionda yeni reallıqlar yaranıb. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları Azərbaycanın daxili işidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir.

Qərbi Azərbaycan bizim tarixi torpaqlardır. Bunu mübahisələndirmək də yersizdir. Çünki tarixi sənədlər və xəritələr dedilərimizi təsdiqləyir. Kommunikasiyalar üzərində suverenlik də eynilik təşkil etməlidir. Məhz buna görə də nəzarət buraxılış məntəqlərinin qurulması təşəbbüsü aktualdır.

Laçın dəhlizi anlayışı yoxdur. Laçın yolu da Azərbaycanın suveren yurisdiksiyasına daxil olmalıdır. Bu yola alternativ yollardan hərbi yüklərin daşınması göstərir ki, qeyri-hüquqi yanaşmalar aradan qaldırılmalıdır.

Ermənistan bu bənd üzrə öhdəliklərini yerinə yetirmir və regiona Avropa İttifaqının nümayəndələrini cəlb etməklə yeni geosiyasi gərginliyin formalaşmasına çalışır. 6. Hərbi təyinatlı yüklərin daşınmaması üçün öhdəliyi rəsmi İrəvan pozur və yeni eskalasiya ocaqlarının yaradılmasında maraqlıdır. Azərbaycan regionda sülhün, təhlükəsizliyin və sabitliyin tərəfdarıdır".

 

Kənan Novruzov 

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov erməni tərəfin Azərbaycanı antiterror əməliyyatına məcbur etdiyini bildirdi. Onun fikrincə, bu əməliyyat da baş tutacaq: “Qeyd etmək lazımdır ki, müxtəlif erməni siyasətçiləri əvvəllər də bu cür mənasız iddialarla çıxış ediblər. Onların bir çoxunun açıqlamaları daha çox daxili auditoriyaya hesablanıb. Həmin fikirlər reallıqdan uzaqdır və əhəmiyyətsizdir. Nəzərə almaq lazımdır ki, Vətən müharibəsindəki qələbədən sonra reallıqları Azərbaycan diktə edir. Şərtləri biz ortaya qoyur, biz diktə edirik. Ermənistan hərbi-siyasi hakimiyyəti ya Azərbaycanın şərtləri daxilində danışıqlara getməli, ya da dövlətçiliyinin sual altına düşməsini göz önünə almalıdır. Sülh müqaviləsi üçün rəsmi Bakının tələbləri və şərtləri konkretdir: Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Qarabağdakı erməni terrorçular ərazimizdən çıxmalı, oradakı Qarabağ erməniləri vətəndaşlığımızı qəbul etməli, Zəngəzur dəhlizi açılmalıdır. Bunlar olmasa, həmçinin İrəvan Bakı ilə bağlı ittihamlarından və iddialarından əl çəkməsə, sülh müqaviləsi imzalanmayacaq. Ermənistanın hərbi- siyasi hakimiyyəti bunu başa düşməlidir. Fikrimcə, Qarabağ erməniləri rəsmi Bakının təkliflərinə müsbət cavab verərək, reinteqrasiya yolunu seçməlidir. Bu, onlar üçün ən optimal variantdır. Keçmiş səfirin fikirləri rəsmi mövqe ifadə etmir. Amma ola bilər ki, kimlərsə onun vasitəsilə "nəbzi yoxlamaq" istəsin. Hər halda, bu, bizim üçün o qədər də əhəmiyyətli deyil. Ermənistan əvvəllər də bir neçə dəfə şərtlərlə çıxış edib və bu, ona baha başa gəlib. Düşünürəm ki, eyni səhv təkrarlanmamalıdır. Bizim sonsuzadək gözləmək fikrimiz yoxdur. Ermənistan bu cür təxribatçı addımlarla növbəti antiterror əməliyyatına başlamağımızı zəruri edir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”