103 yaşlı Cümhuriyyətimiz - Əhməd bəy Ağaoğluna Şuşa müjdəsi

Qarabağdan olan Xalq Cümhuriyyəti qurucularına abidə ucaldılması təklifi...

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 103 il ötür. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına əbədi olaraq böyük və əlamətdar hadisə kimi daxil olub. Həmin tarix Respublika günü kimi təntənə ilə qeyd edilir.

Azərbaycanın müstəqillik əldə etməsi asan başa gəlməyib. 1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti Hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti Hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Ona görə də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini-Zaqafqaziya parlamentini yaratdılar. Seymdə Müsəlman Fraksiyasının Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Müsəlman fraksiyası və ya müsəlman şurası əslində Zaqafqaziya müsəlman parlamenti funksiyasını yerinə yetirirdi.

Dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti (1918-1920-ci illər)

1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının (Zaqafqaziya müsəlman parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın  bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi.

Məhəmməd Əmin Rəsulzadə divar kağızı.Ulu öndər Rəsulzadə. | Flag art,  Azerbaijan flag, Art

İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər.

Azerbaijan Democratic Republic - 100th Anniversary

Azərbaycan Milli Şurası həmin iclasında eyni zamanda bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti Hökumət bu tərkibdə idi: Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri, Xosrov Paşa bəy Sultanov - hərbi nazir, Məmməd Həsən Hacınski - xarici işlər naziri, Nəsib bəy Yusifbəyli - maliyyə naziri və xalq maarifi naziri, Xəlil bəy Xasməmmədov - ədliyyə naziri, Məmməd Yusif Cəfərov - ticarət və sənaye naziri, Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri, Xudadat bəy Məlik- Aslanov - yollar naziri və poçt-teleqraf naziri, Camo bəy Hacınski - dövlət nəzarətçisi.

Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.

Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olunsa da 1920-ci ilin 27 aprelində XI Qırmızı Ordunun Azərbaycanı işğal etməsi ilə İstiqlalımıza son soyuldu.

Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratdı.

Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarından biri də 1869-cu ildə Şuşada doğulan Əhməd bəy Ağaoğlu idi.  Azərbaycan və Türkiyə ictimai xadimi, siyasətçisi, jurnalisti, pedaqoqu, yazıçısı, türkoloqu Ə.Ağaoğlu Fransada təhsil aldıqdan sonra geri qayıdıb 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə xeyriyyəçi Tağıyevin dəvəti ilə Bakıya gəlib, “Kaspi” qəzetində məqalələr yazıb. O, həmçinin Ə.Hüseynzadə ilə birlikdə “Həyat” qəzetinə də redaktorluq edib. 1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin “Difai” təşkilatını qurub. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkat tərəfindən keçirilmiş konqresə prezident seçilir. Sonradan gənc türklərin İttihad və tərəqqi partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, “Türk yurdu” jurnalının redaktoru olmaqla yanaşı, İstanbul Universitetində Türk-monqol tarixindən və rus dilindən dərs deyir.

Əhməd bəy Ağaoğlu: “Bütün Rusiyanı bir qaşıq suda boğmağa hazır idim”

Ə.Ağaoğlu 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olub. AXC dövründə Bakıda parlamentə üzv seçilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd bəy Ağaoğlu Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

44 günlük Vətən müharibəsində Ə.Ağaoğlunun ana vətəni Şuşanın azad olunması şübhəsiz onun da ruhunu sevindirib.

Azərbaycan Cümhuriyyətinin səsi - Nəsiman Yaqublunun araşdırması

 Nəsiman Yaqublu

Tarixçi professor Nəsiman Yaqublu “Yeni Müsavat”ın sualına cavabında bildirib ki, Şuşada və ya işğaldan azad olunan digər şəhərlərimizdə Xalq Cümhuriyyətinin qurucularının, xüsusilə də Qarabağda doğulmuş Xalq Cümhuriyyəti dövlət xadimlərinin abidələrinin ucaldılması, ev muzeylərinin yaradılması çox yaxşı olar. Əhməd bəy Ağaoğlu daxil olmaqla, həmin böyük şəxsiyyətlərin adları yaşadılmalıdır: “AXC dövründə Qarabağın general qubernatoru olmuş əslən Laçın rayonundan olan, amma Qarabağ Güneral Qubernatorluğunun mərkəzini Şuşa şəhərində salan və Şuşadan bütün Qarabağa nəzarət edən Xosrov bəy Sultanovun heykəlini qoymalıyıq. Əhməd bəy Ağaoğlunun doğma vətəni Şuşada abidəsi ucaldılmalıdır. Eləcə də AXC-nin dünyada tanıdılmasında xüsusi zəhməti olmuş Ceyhun bəy Hacıbəylinin abidəsi, Qarabağ bölgəsindən olan digər ictimai, siyasi xadimlərin, həmçinin böyük Üzeyir Hacıbəylinin Qarabağın şəhərlərində abidəsi, ev muzeyi yaradılması lazımdır”.