DƏRİN ZƏKAYA, SADƏ XARAKTERƏ, XEYİRXAH XÜSUSİYYƏTLƏRƏ VƏ GENİŞ ÜRƏYƏ MALİK OLAN TANINMIŞ HÜQUQŞÜNAS, PROFESSOR İLHAM RƏHİMOV

Həyatda elə adamlar var ki, onlar öz xoşməramlı davranışları ilə ətrafdakıların ehtiram və rəğbətini qazana bilirlər. Belə adamlar həyatda baş verən hadisələrə daha reallıqla yanaşır, ətrafdakı sosial problemləri məntiqi cəhətdən təhlil etməyi bacarırlar. Bu cür insanlar cəmiyyətdə humanist dəyərləri hər şeydən üstün tutaraq yaşa dolduqca özləri daha da müdrikləşirlər. Belə insanlar harada yaşamasından asılı olmayaraq öz elinə-obasına, dostlarına, bütövlükdə, Vətənə olan sevgisini qəlbində daima yaşada bilirlər.

 

SAKİT HÜSEYNOV

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor

 

NİZAMİ QULİYEV

Tədqiqatçı--Hüquqşünas,

istefada olan polis polkovniki

 

 

 

 

Belə insanlardan biri də uzun illərdən bəri tanıdığım – Azərbaycanın əməkdar hüquqşünası, keçmiş SSRİ məkanında ən gənc (37 yaşında) hüquq elmləri doktoru elmi dərəcəsini almış, professor Rəhimov İlham Məmmədhəsən oğludur.

İndi isə professor İ.Rəhimovun mənalı tərcümeyi-halı ilə tanış olaq:

  • 14 yanvar 1951-ci ildə Azərbaycan Respublikası Tovuz rayonunun Cilovdarlı kəndində anadan olmuşdur.
  • 1969-cu ildə Bərdə şəhəri 2 №-li orta məktəbin rus bölməsini bitirmişdir. 1970-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinə, buranı bitirdikdən sonra isə 1975-ci ildə həmin universitetin cinayət hüquqi üzrə aspiranturanın əyani şöbəsinə daxil olmuşdur. 1978-ci ildə isə hüquq elmləri namizədi elmi adını almışdır.
  • 1978-1980-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda işləmişdir.
  • 1982-1996-cı illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində müxtəlif məsul vəzifələrdə işləmiş, Kollegiyanın üzvü olmuşdur.
  • 1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edərək postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru olmuşdur.
  • 1996-cı ilə professor elmi adını almışdır.
  • 2006-cı ildə Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidentidir.
  • 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adı ilə təltif olunmuşdur.
  • 2014-cü ilin mart ayında “Qara Dəniz və Xəzər Dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə Beynəlxalq Fondun (QDXDƏTBF) fəaliyyətinin inkişafına verdiyi xüsusi töhfəyə görə” mükafatına layiq görülmüşdür.
  • 12 noyabr 2014-cü ildə Sofiya şəhərində Bolqarıstan Elmlər Akademiyasının “Doktor Homoris Kauza” fəxri adına layiq görülmüşdür.
  • 2015-ci ildə Rusiyanın qocaman və nüfuzlu mükafatlarından biri olan “Femida” ali hüquq mükafatı ilə təltif olunmuşdur.
  • 2016-cı ildən Rusiya Federasiyası İstintaq Komitəsi Akademiyasının fəxri professoru sayılır. Rusiya Vəkillər Gildiyasının “Vəkilliyin inkişafına verdiyi töhfəyə görə” fərqlənmə nişanı ilə təltif olunmuşdur.
  • 2016-cı ildən hal-hazıra kimi Qara dəniz və Xəzər dənizi regionu ölkələri hüquqşünasları Assosiasiyasının prezidentidir.

- 2017-ci ilin sentyabr ayında Rusiya-Azərbaycan, Türkiyə-Azərbaycan münasibətlərinin dərinləşməsində göstərdiyi xidmətlərə görə Mahmud Kaşgari adına Beynəlxalq Fondun mükafatına layiq görülmüşdür.

İ.Rəhimovun elmi yaradıcılıq fəaliyyəti haqqında öz fikirlərimizi sizinlə qısa şəkildə bölüşmək istəyirik. Professor İ.Rəhimovun zəhmətkeş tədqiqatçı, dəyərli alim, peşəkar hüquqşünas olduğunu, onun cinayət hüququ sahəsində yazdığı sanballı monoqrafiyalar təsdiq edir. İ.Rəhimovun elmi yaradıcılığını zamana görə iki mərhələyə bölmək olar. Birinci mərhələ: 1980-2000-ci illəri, ikinci mərhələ isə 2010-2020-ci illəri əhatə edir. 2010-2020-ci illərdə İlham müəllimin yazdığı əsərlər öz əhatə dairəsinə, fəlsəfi-sosioloji mahiyyətinə və elmi-nəzəri əhəmiyyətinə görə həm mütəxəssislərin, həm də digər peşə adamlarının daha çox diqqətini cəlb etmişdir.

Qeyd etmək lazımdır ki, həm orta məktəbi, həm də ali məktəbi rus dilində oxuduğuna görə İ.Rəhimovun yazdığı əsərlərin əksəriyyəti (bir-iki kitabı çıxmaq şərtilə) rus dilində yazılmış və rus dilində də nəşr olunmuşdur. Onun gənc yaşlarında yazdığı: “İslah-əmək təsirinin nəzəri və praktiki problemləri” (Bakı, 1981) kitabı cəzada islah-əmək təsirinin araşdırılmasına həsr edilmişdir. 1987-ci ildə nəşr olunmuş “Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi” (Bakı, 1987) adlı digər monoqrafiyasında İ.Rəhimov riyazi və statistik vasitələrdən istifadə edərək proqnozlaşdırma yolu ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə nail olmağı faktlarla sübut etməyə cəhd göstərmişdir.

İlham müəllim həmmüəlliflərlə birgə yazdığı “Zorakı və tamah xarakterli cinayətlərin kriminoloji analizi” (Bakı, 1996) adlı kollektiv monoqrafiyada müxtəlif xarakterli cinayət işlərinin materialları əsasında real faktlardan istifadə edərək maraqlı tədqiqat aparmışdır. “Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri” (Bakı, 1998) adlı kitabında İ.Rəhimov cəzanın anlayış və mahiyyətini araşdırmış, onun məqsəd və səmərəliliyini geniş şərh etmiş, cəzanın təyin edilməsində əxlaqi-etik kateqoriyaların əhəmiyyətini təhlil etmişdir.

Ümumiyyətlə, İ.Rəhimovu Respublikamızın digər hüquqşünas alimlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri onun cinayət və cəzanın fəlsəfəsi və sosioloji problemlərini ilk dəfə olaraq araşdırmasıdır. Bu baxımdan İlham müəllimin 2010-cu ildən sonrakı dövrdə elmi yaradıcılığının demək olar ki, əsas hissəsi cinayət və cəzanın fəlsəfi mahiyyəti, cinayətin sosiologiyası, cəmiyyətdə baş verən cinayətlərin sosial-psixoloji problemlərinin araşdırılmasından bəhs edir ki, bütün bunlar da cinayət hüququ sahəsində yenilik və aktullıq kəsb edir.

Məhz İ.Rəhimovun 2010-cu ildən sonrakı illərdə yazdığı monoqrafiyaların məzmunu ilə tanış olduqdan sonra onun əsərlərində cinayət və cəzanın fəlsəfi və sosioloji istiqamətləri tam aydın görünür. Məsələn, 2012-ci ildə Moskvada “OLMA Media Qrup” nəşriyyatında rus dilində çap olunmuş “Cinayətkarlıq və cəza” kitabı 2015-ci ildə azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuşdur. Bu kitabda cəzanın mahiyyəti, onun formaları və növləri şərh edilmiş, cəzanın anlayış və mənasının tarixi aspektləri əhatəli şəkildə araşdırılmış, eyni zamanda cinayətkarlıq və cəza ilə bağlı tarixən müxtəlif məktəblər və ayrı-ayrı ölkələrin tanınmış mütəxəssislərinin yanaşmaları fəlsəfi cəhətdən təhlil edilmişdir. Monoqrafiyanın “Əlavə” bölməsində Azərbaycanda, MDB (Müstəqil Dövlətlər Birliyi) və Dünya ölkələrində cinayətkarlıqla bağlı bəzi statistik məlumatları oxucuların diqqətini cəlb edən maraqlı faktlardan biri kimi qeyd etmək olar.

Bu kitabdan sonra prof. İ.Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” adlı kitabı əvvəlcə, 2013-cü ildə RF-nın Sankt-Peterburq şəhərində rus dilində, 2014-cü ildə isə Bakıda Azərbaycan dilində nəşr olunmuşdur. Qeyd etmək lazımdır ki, “Cinayət və cəzanın fəlsəfəsi” kitabı 2014-cü ildə azərbaycan dilində nəşr olunandan sonra bu kitab bir çox dillərdə: 2014-cü ildə İstanbulda türk dilində, 2015-ci ildə Londonda ingilis dilində, 2015-ci ildə Turin şəhərində italyan dilində, 2015-ci ildə Qüds şəhərində ivrit dilində, 2015-ci ildə Sofiya şəhərində bolqar dilində, 2016-cı ildə isə Pekində çin dilində və s. dillərdə nəşr olunmuşdur. Bundan başqa İ.Rəhimovun digər kitabları da Azərbaycan dilindən başqa rus, ingilis, alman, italyan və başqa dillərdə nəşr olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, elmi əsərlərin bir çox xarici dillərdə nəşr olunması hər bir elm adamına nəsib olmur.

Professor İ.Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” kitabı öz mahiyyətinə görə tədqiqatçıların diqqətini cəlb etmişdir. Müəllif bu kitabda cinayətin mənbəyi və səbəbləri, cəzanın mahiyyəti, cinayət və cəzanın gələcək problemləri haqqında fəlsəfi aspektdə geniş təhlillər aparmışdır. Professor İ.M.Rəhimov kitabda cinayət və cəzanın hüquqi tərəfləri ilə yanaşı, bu anlayışların fəlsəfi, sosioloji və psixoloji məsələlərini də təhlil etmiş, eyni zamanda irəli sürdüyü elmi müddəaları dünyanın tanınmış filosof və sosioloqlarının (Hegel, Dürkheym və s.) fikirləri ilə əsaslandıra bilmişdir. Müəllif kitabda cinayət və cəzanın fəlsəfəsini araşdırarkən etikanın xeyir və şər kimi kateqoriyalarını da geniş şəkildə şərh etmişdir. Monoqrafiyada elmi cəhətdən diqqəti cəlb edən bir çox maraqlı məqamlar vardır. Diqqəti cəlb edən belə məqamlardan biri cinayətin səbəblərinin müəyyən edilməsində cinayət fəlsəfəsinin öyrənilməsi zərurətinin irəli sürülməsidir. Bu baxımdan prof. İ.Rəhimov cinayətin səbəblərini müəyyənləşdirərkən insan davranışının mahiyyətinin dərk edilməsini vacib hesab edir. Kitabda diqqəti cəlb edən digər maraqlı cəhətlərdən biri də cinayətin baş verməsi səbəbinin izahında dinin mövqeyinin şərh edilməsidir. Bu baxımdan İ.Rəhimovun cinayət və cəzanın təhlili ilə əlaqədar olaraq kitabda Qurani-Kərim və Bibliyaya müraciət etməsi də diqqəti cəlb edir. Kitabda cinayət və cəzanın formalaşmasında adət və ənənələrin rolunun şərh edilməsi də müəyyən maraq doğurur. Monoqrafiyada cinayət və cəzanın məkan və zaman baxımından müxtəlif xarakter daşıdığını vurğulayan müəllif müxtəlif tarixi dövrlərdə cinayət və cəzanın öz tipinə və xarakterinə görə fərqləndiyini fəlsəfi cəhətdən aydın şəkildə şərh edə bilmişdir. Buradan aydın olur ki, əvvəlki dövrlərdə qeyd edilən cinayət halları və tətbiq edilən cəzalar, indiki dövrdə baş verən cinayət və cəza tiplərinin norma və prinsiplərinə uyğun gəlmir. Bəs indiki qanunvericilik cinayət və cəzanı təyin edərkən hansı sosial meyarlara, hansı fəlsəfi prinsiplərə və hansı mənəvi-psixoloji dəyərlərə əsaslanır?

Məhz bu suallara cavab tapmaq üçün son illərdə İ.Rəhimovun böyük zəhməti nəticəsində meydana gələn zəngin və dəyərli kitablarla tanış olmaq lazımdır. Bu kitablar aşağıdakılardır:

Prof. İ.Rəhimovun fəlsəfi mahiyyət daşıyan əsərlərindən biri də “Cəzanın əxlaqiliyi haqqında” (Bakı, 2016) adlı kitabıdır. Bu kitab müəllifin Rusiya Federasiyasında rus dilində çap olunmuş “Cinayətkarlıq və cəza” (Moskva, 2012) və “Cinayət və cəzanın fəlsəfəsi” (Sankt-peterburq, 2013) əsərlərində cəzanın fəlsəfi mahiyyəti haqqında irəli sürülən fikirlərinin davamıdır. Dörd fəsildən ibarət olan bu kitabda cəzanın əxlaqi əsaslarını araşdıran müəllifin, hər şeydən əvvəl xalqın adət-ənənələrinə və dinə müraciət etməsi oxucularda müəyyən maraq doğurmuşdur.

İ.Rəhimov cəzanın əxlaqiliyini sosial-fəlsəfi askpektdə şərh etmək üçün bu kitabda müasir insanları düşündürən bir neçə mənəvi-etik və sosial-psixoloji suallar irəli sürmüşdür:

- Cəza növlərindən biri olan ölüm cəzası əxlaqidirmi?

- Cəza: əvəzçıxma, qorxutma, psixoloji təsir sayılırmı?

- Cəzanın əxlaqi əsası nədir?

- Cəmiyyət qarşısında qoyduğu məqsədə cəza vasitəsi ilə nail ola bilərmi?

- Müasir şəraitdə cəzadan imtina etmək mümkündürmü?

Bu kitabı oxuyan hər bir şəxs yuxarıda irəli sürülən suallara cavab axtararkən bu sualların təsir dairəsindən çıxa bilmir, eyni zamanda insan həyatının sosial-fəlsəfi, psixoloji və sosioloji aspektləri haqqında dərindən düşünmək məcburiy­yə­tin­də qalır.

Professor İlham Rəhimovun 2018-ci ildə çapdan çıxmış “Ölməz Ölüm cəzası” monoqrafiyasında oxucuların diqqətini cəlb edən əsas məsələ ölüm cəzasının fəlsəfi, psixoloji və sosioloji cəhətdən araşdırılmasıdır.

Öz strukturuna görə müqəddimə, giriş, beş fəsil və nəticəni əhatə edən kitabda ölüm cəzasını tarixi prosesdə şərh edən müəllif bu fenomeni sosial-fəlsəfi, dini, mənəvi, sosial, əxlaqi amillərin qarşılıqlı asılılığında araşdırmışdır. Əsərdə maraq doğuran cəhətlərdən biri müxtəlif dinlərin tarixində (xristianlıq, iudaizm, islam və s.) ölüm cəzasının dini köklərinin nəzərdən keçirilməsidir. Müəllif ölüm cəzasının dini köklərinin araşdırılmasına kitabın “Ölüm cəzasının tarixi” adlanan birinci fəslində geniş şəkildə toxunmuşdur.

Professor qeyd edir ki, “...nə Qurani-Kərimdə, nə də hədislərdə çarmıxa çəkmə, öldürmə, edametmə, daşqalaq etmək növündə cəzadan istifadə olunmamışdır. O, həmişə əvəzçıxma ideyasına əsaslanan həyatdan mərhumetmə ilə bağlı olmuşdur. Bu ölüm cəzası institutunun mühüm və əsas prinsipidir”. Qurani-Kərimdə isə buyurulur: “Hər hansı pisliyin cəzası onun özü kimi pislikdir”. (surə 42, 40). Bütövlükdə İlham Rəhimov qeyd edir ki, Qurani-Kərim özündə o həqiqəti əks etdirir ki, xeyir mükafata, pislik isə cəzaya layiqdir.

Kitabın II fəsli (səh. 62-91) “Ölüm cəzasının fəlsəfəsi”nə həsr edilmişdir. Kitabda ölüm cəzasının fəlsəfi mahiyyətinin şərh edilməsinin zəruriliyini əsaslandırmaq üçün İlham Rəhimov yazmışdır: “...Ölüm cəzasının əlehdarlarının və tərəfdaşlarının mövqelərini sübuta yetirə bilmələri üçün hərfi mənada “müdriklik sənəti” adlandırılan fəlsəfəyə müraciət etmələrində təəcüblü bir şey yoxdur” (səh. 62). Müəllif ölüm cəzasının sosial-hüquqi əsaslandırılmasında fəlsəfənin yeri və rolunu göstərmək üçün kitabda yazmışdır: “Mövcudluğun idrakına cəhd edən fəlsəfə bu suala cavab verir. Fəlsəfə idrakın mənasını kainatın və dünya düzəninin ilk əsaslarına qatmağa cəhd etməkdə görür” (səh. 62).

İnsan həyatının bütün sahələrinin öyrənilməsində fəlsəfənin rolunu dəyərləndirən professor İlham Rəhimov qeyd edir ki: “Fəlsəfə vahid və rəngarəngdir, insan həyatının heç bir sahəsi onsuz keçinmir və əbədi olaraq “dünya-insan” problemləri üzərində düşünür” (səh. 63). Bütün bu fikirlərə əsaslanaraq müəllif ölüm cəzasının şərhində fəlsəfi kateqoriyaların rolunu yüksək dəyərləndirərək qəti şəkildə bildirir ki: “...Fəlsəfi kateqoriyalar olmadan ölüm cəzasının anlayışı mənasında varlığı qeyri-varlıqdan fərqləndirmək mümkün deyildir” (səh. 63). Professor ölüm cəzasının şərh edilməsində fəlsəfi kateqoriyaların əhəmiyyətini  göstərmək məqsədilə yazır: “Çünki xeyir və şər, əzab və cəza, əvəzçıxma və ədalət, əxlaqilik və məqsədəuyğunluq məsələləri etikaya aiddir. Başqa sözlə, bunlar hüququ deyil, etik kateqoriyalardır və onlarsız ölüm cəzası fenomeninin dərk və ya izah edilməsi mümkünsüzdür” (səh. 64). Ölüm cəzasının fəlsəfi mahiyyətini şərh edən müəllif kitabda oxucuları sanki dialoqa cəlb etmək üçün tədqiq edilən problemlə bağlı bir çox maraqlı və düşündürücü suallar irəli sürür. Bu suallar aşağıdakılardır:

  • “Cəzanın bir növü olaraq ölüm cəzası prinsip etibarilə əxlaqidirmi?
  • Bu cəza növünə münasibətdə ədalət və humanizm prinsiplərini necə başa düşmək lazımdır?
  • Bu cəza növünü yalnız əvəzçıxma və qorxu yaratma aktı kimi başa düşmək və tətbiq etmək lazımdırmı?
  • Ölüm cəzasını tətbiq etmək hüququ kimə məxsusdur və bu hüququ kim vermişdir? (s.63).

Bütün bu suallar ölüm cəzasının fəlsəfi mahiyyətini dərk etmək üçün irəli sürülmüşdür ki, bunlar da oxucuları dərindən düşünməyə vadar edir.

Ölüm cəzasının əxlaqi xarakteri haqqında filosofların mühakimələrini təhlil edən İ.Rəhimovun qədim yunan filosoflarından Platon, Aristotel, Seneka, Siserona alman filoslarından Kant və Hegelə, məhşur rus yazıçısı L.H.Tolstoya, rus alimlərindən V.S.Solovyov, S.V.Poznişevə istinad etməsi onun müxtəlif fəlsəfi nəzəriyyələrə bələd olduğunu və geniş fəlsəfi təfəkkürə malik olduğunu göstərir. Müəllifin bu xüsusiyyətləri də mövcud monoqrafiyanın yüksək fəlsəfi-nəzəri səviyyədə yazılmasına müsbət təsir etmişdir.

Beləliklə, ölüm cəzasının fəlsəfi baxımdan əsas məsələsinin əxlaqi mahiyyətinin mühüm əhəmiyyət kəsb etdiyini bir daha elmi-nəzəri cəhətdən əsaslandıran professor İlham Rəhimov kitabda yazmışdır: “Fəlsəfi baxımdan ölüm cəzasının əsas məsələsi onun əxlaqi mahiyyəti ilə bağlıdır”. (s.65) Kitabda ölüm cəzasının əxlaqi mahiyyətini şərh etmək üçün müəllif ölüm cəzası ilə bağlı dini prinsiplərə də müraciət edir: “Hesab edilmişdir ki, insanın həyatdan məhrum edilməsi qeyri-əxlaqidir, çünki həyatı verən Uca Yaradan yalnız onu geri ala bilər”. (s.65) Bu dini prinsipi əsas gətirən İlham Rəhimov qeyd edir ki, insan həyatı Uca Yaradanın hər bir insana verdiyi hədiyyədir, bu səbəbdən də insan həyatı müqəddəs və toxunulmazdır. Əgər Uca Yaradanın insana verdiyi həyat müqəddəs və toxunulmaz sayılırsa, deməli, onda ölüm cəzası da qeyri-əxlaqidir.

Ölüm cəzasının hüquqi tərəflərinə gəldikdə, professor kitabda cəzanın əxlaqiliyindən danışarkən qeyd edir ki, burada söhbət nisbi mənada əxlaqilikdən gedir, çünki insanın həyatdan məhrum edilməsi məcburi qaydada həyata keçirilir. Deməli, cəmiyyətdə qəbul edilmiş davranış qaydalarının pozulmasına görə cəzanın müəyyən edilməsi əxlaqi cəhətdən əsaslıdır.

Bununla yanaşı hər bir cəza növünün əxlaqiliyi məsələsinə gəldikdə, İlham Rəhimov cəzanın tətbiq edildiyi tarixi dövrün, xalqların xarakterinin, adət və ənənəsinin, onların əxlaqi səviyyəsinin nəzərə alınmasını da zəruri hesab edir. Bu fikri müəllif kitabda belə şərh etmişdir: “Məsələn, XVII-XIX əsrlərdə yaşayanların həyat tərzində labüd və faydalı olan qaydalar dövrümüzdə nəinki faydasız, hətta zərərli və amansız ola bilərlər”(s.70).

Müəllif ölüm cəzasının sosiologiyasını kitabın III fəslində araşdırmışdır. Burada əsasən İ.Rəhimov tərəfindən cinayət və cəzanın sosiologiyası şərh edilmiş, ölüm əzasının səmərəliliyinin şərti olaraq dörd pilləsi təqdim edilmişdir ki, bu da elmi cəhətdən müəyyən əhəmiyyət kəsb edir.

Ölüm cəzasını sosioloji cəhətdən təhlil edən İlham Rəhimov dünyanın tanınmış sosioloqlarından O.Kont, M.Veber, E.Dürkheym, Ş.Monteskye, rus alimlərindən A.V.Kornev, V.A.Baçinin, V.Vaysberq, A.V.Mezyayev və başqalarının əsərlərinə istinad edərək cinayət və cəzanın sosiologiyasının əsas istiqamətlərini şərh etmişdir.

Ölüm cəzasının qalıb-qalmaması problemi bütün insanların diqqətini cəlb etdiyinə görə “Ölməz ölüm cəzası” kitabı, təkcə ali məktəblərin tələbə və müəllimlər, hüquq sahəsində çalışanlar üçün deyil, eyni zamanda cinayət və cəza problemləri ilə maraqlanan bütün insanlar üçün bu kitabı faydalı hesab etmək olar.

Qeyd etmək lazımdır ki, İ.Rəhimovun son illərdə başqa müəlliflərlə birgə yazdığı kollektiv monoqrafiyalar da öz aktuallığına görə diqqəti cəlb edir. İ.Rəhimovun həmmüəliflərlə birgə yazdığı “Müsir dövrdə Rusiyada və dünyada terrorizm: ümumi kriminoloji xarakteristikası və siyasi-hüquqi əks fəaliyyətin vəziyyəti” adlı kitabı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 2018-ci ildə rus dilində nəşr olunmuşdur. İlham müəllimin Rusiyada tanınmış hüquqşünas alimlərlə - (Qolik Y.V., Korobeyev A.İ. və Lobaç D.B.) birlikdə yazdığı bu kollektiv monoqrafiya terrorizmlə mübarizənin müasir problemlərinin hüquqi təhlilinə həsr edilmiş maraqlı bir tədqiqat işidir.

Terrorizmlə mübarizənin müasir problemlərinin araşdırılmasına həsr edilmiş bu kollektiv monoqrafiya regional və qlobal terrorizmin müxtəlif problemlərinə və bu sahədə mövcud olan qanunvericilik sənədləri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Professor İ.Rəhimovun sonuncu kitabı həmmüəlliflərlə (S.N.Baburin, J.V.Qolik, J.İ.Duk, A.İ.Korobeyev) birlikdə yazdığı “Qlobal transformasiyalar dövründə müasir dövlətçilik” (Sankt-peterburq, 2019) adlı kitab da müasir dövlətçiliyin  mqsəd və mahiyyəti haqqında maraqlı tədqiqat əsəridir. Bu kollektiv monoqrafiya hazırki şəraitdə cəmiyyət və dövlətin inkişaf istiqamətləri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. Öz strukturuna görə altı fəsildən ibarət olan bu əsərdə müasir dövlətçiliyin əsas inkişaf istiqamətləri, hazırki dövlətlərin daxili və xarici çağırışları geniş şəkildə şərh edilmişdir.

Əlbəttə biz əminik ki, İ.Rəhimovun cinayət hüququ sahəsindəki elmi yaradıcılığı yuxarıda qeyd etdiyimiz əsərlərlə bitməyəcək. Cəmiyyətdə baş verən dəyişikliklər və onun inkişaf dinamikası göstərir ki, başqa sahələrdə olduğu kimi cinayət hüququ sahəsində də araşdırılması zəruri olan mövzular çoxdur. Biz uzun illərdən bəri İlham müəllimi yaxşı tanıyırıq. Məhz onu yaxşı tanıdığımıza görə, onun elmə bağlılığına, elmi-tədqiqat sahəsində yorulmadan çalışmaq qabiliyyətinə bələd olduğumuza görə inanırıq ki, İ.Rəhimov cinayət və cəzanın sosial-fəlsəfi problemlərinin yeni aspektlərinin tədqiq edilməsi ilə bağlı elmi yaradıcılığını davam etdirəcəkdir.

Biz, bu kiçik həcmli yazıda həm Rusiya Federasiyasında, həm də Azərbaycanda tanınmış hüquqşünas alim, professor İ.Rəhimovun elmi yaradıcılığı haqqında öz düşüncələrimizi yazmağı özümüzə borc bildik. Biz, onun elmi yaradıcılıqdan başqa cəmiyyətdəki digər fəaliyyətləri haqqında heç nə yazmadıq. Çünki biz əminik ki, İ.Rəhimovu tanıyanlar, onun öz el-obasını, torpağını sevdiyini, xalqımıza, dövlətimizə qəlbən bağlı olduğunu yaxşı bilirlər. Son illərdə İ.Rəhimovun cəmiyyətimizdə sosial-iqtisadi və humanizm baxımından xeriyyəçilik fəaliyyəti hamıya bəlli olduğu üçün, biz bu məsələyə toxunmadıq. Biz bu məqalədə İ.Rəhimovun geniş elmi yaradıcılıq fəaliyyətini dəyərli oxucularımıza qısa şəkildə şərh etməyə çalışdıq.

Bu baxımdan İlham Rəhimovu uzun illərdən bəri tanıyan köhnə dostlarından biri kimi, biz də onu 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, tükənməyən yaradıcılıq enerjisi və əzizləri ilə birlikdə mənalı ömür arzulayırıq.  

 

 

 

Professor Sakit Hüseynov, professor İlham Rəhimovla AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda elmi konfransda

 

 

 

        Prof. İ.Rəhimov öz iş otağında monoqrafiyası üzərində işləyərkən          

 

 

Prof. İ.Rəhimov  iş otağında

 

Soldan: Arif Hüseynov, prof. İlham Rəhimov, polkovnik Nizami Quliyev və prof. S.Hüseynov

 

 

 

Prof. İ.Rəhimovun son illərdə cinayət hüququnun fəlsəfi və sosioloji problemlərinə həsr edilmiş azərbaycan, rus, ingilis, alman, italyan, bolqar, fars, türk və çin dilində olan kitabları