“Siyasi partiyalar haqqında” qanun layihəsində nələr var? - Ekspert aydınlıq gətirir

Noyabrın 4-də Milli Məclisin təşəbbüsü ilə "Siyasi partiyalar haqqında" qanun layihəsinin ictimai müzakirəsi keçirilib. Müzakirələrdə bir sıra siyasi partiyalarla yanaşı, müstəqil politooq və QHT nümayəndələri də iştirak edib.

Qaynarinfo-ya açıqlama verən "Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov sözügedən qanun layihəsində dəyişikliklərin olmayacağı, təqdim olunduğu kimi də qəbul ediləcəyi qənaətindədir:

"Təqdim edilən qanun layihəsində ciddi məhdudiyyətlər mövcuddur. Təəssüf ki, müzakirələr zamanı layihəyə münasibətdə daha çox müsbət mesajlar səsləndi, tənqidi fikirlər eşidilmədi. Müzakirələr fonunda bəlli oldu ki, bir sıra partiyalar ya qanun layihəsi ilə tanış deyil, ya da hansısa məqsədlə məhdudiyyətləri "görmək istəmirlər”. Çıxışlar da daha çox siyasi bəyanatlar formasında oldu və konkret təkliflər səslənmədi. Halbuki layihədə bir çox məqamlar var idi ki, ciddi müzakirə edilməli idi.  Düşünürəm ki, qanun layihəsi olduğu kimi də qüvvəyə minəcək və heç bir ciddi dəyişiklik edilməyəcək”. 

Həmsöhbətimiz qeyd edib ki, yeni qanun layihəsi təqdim edilən şəkildə qüvvəyə minərsə, siyasi partiyaların təsis edilməsi, fəaliyyəti və partiyadaxili idarəetməyə ciddi məhdudiyyətlər yaradacaq:

"Real təhlükə mövcuddur. Lakin təəssüf ki, tədbirdə iştirak edən partiyaların nümayəndələrinin bununla bağlı fikirlərini, rəylərini eşitmədik. İrəli sürülən təkliflər isə imitasiya xarakterli, mahiyyəti dəyişməyən təkliflər idi. Partiyanın təsisçiliyi üçün 200 nəfər tələb olunur. Onların da Azərbaycanda ən azı 20 il yaşaması tələbi var. 20 il tələbi partiyanın sədri, müavinləri və İdarə Heyəti, digər rəhbər strukturlarda təmsil olunanlara aiddir. Deməli, xaricdə təhsil alan şəxs geri qayıtdıqdan sonra ölkənin ictimai-siyasi həyatında aparıcı sima ola bilməz. Təəssüf ki, bu məhdudiyyətə münasibətdə hər hansı fərqli rəy eşitmədik. Uzağı məsələnin mahiyyətini dəyişməyəcək 20 illik müddətin müəyyən qədər azaldılması təklif olunurdu. Qanuna görə, partiyalar üzvlərin reyestrini aparmalı və bununla bağlı müvafiq orqanlara ildə iki dəfə məlumat verməlidir. Ən pisi isə odur ki, 10 min üzvlük məsələsi partiyanın ləğvinə səbəb ola bilər. Bu qanun qüvvəyə mindikdən sonra partiyalar 3 ay müddətinə üzvlərinin sayını 10 minə çatdırmalıdır. Sənəddə partiyalara ciddi inzibati nəzarət də mövcuddur. Partiya hər bir məsələ ilə bağlı mütəmadi dövlət orqanlarına məlumat verməlidir”.

Ekspertə görə, məhdudiyyətlərdən biri də iki dəfə ardıcıl seçkilərdə iştirak etməyən partiyanın fəaliyyətinin dayandırılması məsələsidir:

"Arqument olaraq göstərilir ki, partiyanın əsas fəaliyyət istiqaməti seçkilərdə iştirakdır. Amma qanun layihəsinin 11-ci maddəsində partiyaların 7 bəndlik fəaliyyət istiqamətləri əks olunub. Bu istiqamətlərdən biri kimi, partiyaların seçkidə iştirakı nəzərdə tutulur. Halbuki, sənəddə vətəndaşların məlumatlandırılması, təkliflərlə çıxış etməsi ilə bağlı fəaliyyət bəndləri də mövcuddur. Bəs, niyə yalnız seçki məsələsi qabardılaraq, partiyanın fəaliyyətinin dayandırılması əsas səbəb kimi göstərilir? Burada məntiq tapmaq mümkün deyil. 

Konstitusiyanın 71-ci maddəsində göstərilir ki, insan hüquq və azadlıqları heç zaman məhdudlaşa bilməz. Məhdudlaşma varsa, o mütləq şəkildə gözlənilən nəticələrə adekvat olmalıdır. Layihəni diqqətlə izlədikdə məlum olur ki, sənəd Venetsiya Kommisiyasının 2013-cü ildə qəbul olunan "Siyasi partiyaların hüquqi tənzimlənməsi” ilə ziddiyyət təşkil edir. Qeydiyyat tələbi varsa, o ağlabatan və sadə olmalıdır. Layihədə isə ən kiçik qüsurlara görə partiyalar üçün ağır cəzalar nəzərdə tutulur. Adi bir məlumatın verilməməsi, reyestr məlumatları verilərkən texniki qüsurların olması belə partiyanın fəaliyyətinin bir illiyə dayandırılmasına gətirib çıxara bilər”.